Tarixi
Saatlı etnonimi 14-cü əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlıların bir qismi Qazax zonasında, bir hissəsi isə 1795-1798-ci illərdə Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saqatlı, Saatlu tayfasının etnik adıdır.
Azərbaycan Respublikasında inzibati rayon olan, Kür-Araz ovalığının, Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu almışdır. Rayonun əhalisi 110000 nəfər, əhalinin orta sıxlığı 1 kv.km-ə 93 nəfər təşkil edir. Ərazisi 1,18 min kv. km-dir. Rayonda 1 şəhər, 43 kənd vardır ki, bunlar da 36 inzibati ərazi dairəsində birləşmişdir. Şəhər və kənd yaşayış məntəqələri daxil olmaqla rayonda ümumilikdə 36 bələdiyyə fəaliyyət göstərir. Mərkəzi Saatlı şəhəridir.
Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxan, Əlisoltanlı kəndlərində e. ə. 3-2-ci minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. Bu eksponatlardan 55 ədədi nəqqaşlıq, 127 ədədi ədəbi-tətbiqi incəsənət məmulatı, 1890 ədədi arxeoloji əşyalar, 531 ədədi məişət və etnoqrafiya əşyaları, 2279 ədədi müxtəlif fotoşəkillər, 412 ədədi qiymətli sənədlər, 4077 ədədi isə digər sənədlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayon ərazisində Cəfərxan nekropolu, Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd nekropolu, 3 ədəd Qaralar nekropolu, Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad nekropolu olmaqla ümumilikdə 9 arxeoloji abidə mühafizə olunur.
Coğrafi mövqeyi
Azərbaycan Respublikasında inzibati rayon olan Saatlı rayonu, Kür-Araz ovalığının, Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşir.
Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Antropogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvarda 1,4 °C, iyulda 26,2 °C-dir. İllik yağıntı 300 mm-dir. Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir. Rayonda boz-çəmən, boz, şorakət, bataqlıq-çəmən torpaqları yayılmışdır.
İqtisadiyyat
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramı çərçivəsində Saatlı rayonunda görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və uğurlar hər bir sahədə əldə olunur. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Məlum olduğu kimi rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq və pambıqçılığın inkişafına xüsusi önəm verilməsi daha vacibdir.
Makroiqtisadi göstəricilər
2020-ci ilin əvvəki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalının həcmi faktiki qiymətlərlə 25759,7 min manat və ya 8,9 faiz artaraq, 315576,0 min manat olmuşdur. Ümumi məhsul istehsalının həcmi sənaye üzrə 12,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 10,2 faiz, tikinti üzrə 47,8, informasiya və rabitə üzrə 18,9 faiz artmışdır. Ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə 0,2 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə isə 45,8 faiz azalmışdır. Əvvəlki il ilə müqayisədə pərakəndə ticarət dövriyəsinin həcmi 0,2 faiz azalaraq 226919,0 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 22,0 faiz azalaraq 25265,0 min manat təşkil etmişdir. 2020-ci ilin 11 ayı ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı 420,0 manat olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 63,8 manat və ya 17,9 faiz çoxdur.
Kənd təsərrüfatı
Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2020-ci il ərzində istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 172,6 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 15,9 milyon manat və ya 10,1 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun payına düşür. İstehsal olunmuş kənd təsərrüfat məhsullarının 103,4 milyon manat və ya 59,9 faizi bitkiçilik məhsullarının, 69,2 milyon manatı və ya 40,1 faizi heyvandarlıq məhsullarının payına düşür.
Bitkiçilik
2020-ci ilin məhsulu üçün 55344 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, bunun da 47312,0 hektarı və ya 85,5 faizi əhali və fərdi sahibkarlar üzrə 8032,0 hektar və ya 14,5 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşür. Rayon üzrə ümumi əkin sahəsinin 22986 hektarında və ya 41,53 faizi payızlıq taxıl, 14141 hektar və ya 25,5 faizi pambıq, 13838 hektar və ya 25,0 faiz çoxillik otlar, 606,5 hektar və ya 1,10 faizi dən üçün qarğıdalı, 309 hektar və ya 0,5 faiz kartof, 916 hektar və ya 1,6 faizi tərəvəz, 2419 hektar və ya 4,3 faiz bostan, 48,0 hektar və ya 0,08 faizi şəkər çuğunduru, 14 hektar və ya 0,02 faizi gönəbaxan, 63,0 hektar və ya 0,11 faizi dənli paxlalılar əkilmişdir. Sahələrdən məhsul yığımı yekunlaşmışdır. 01 yanvar 2021-ci il tarixə 22986 hektar sahədə taxıl məhsulu biçilmişdir, həmin sahədən 95547,5 ton məhsul toplanmışdır kı, bu da hər hektardan 41,6 sentner məhsul deməkdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə hər hektardan 0,3 sentner çox taxıl məhsul toplanmışdır. 309 hektar sahədən 6626,2 ton və ya hər hektardan 185,0 sentner kartof, 915,0 hektar sahədən 25934,4 ton və ya hər hektardan 259,7 sentner tərəvəz, 2418,5 hektar sahədən 78334,0 ton və ya hər hektardan 323,9 sentner bostan, 606,5 hektar sahədən 9025,5 ton və ya hər hektardan 69,7 sentner dən üçün qarğadalı, 48 hektar sahədən 503,8 ton və ya hər hektardan 105,0 sentner şəkər çuğunduru, 14 hektar sahədən 77,3 ton və ya hər hektardan 55,2 sentner günəbaxan, 63 hektar sahədən 456,7 ton və ya hər hektardan 63,8 sentner dənli paxlalılar (lobiya) məhsulu və bağlardan 11927,8 ton müxtəlif növ meyvə məhsulu toplanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər hektardan 0,1 sentner kartof, 12,1 sentner tərəvəz, 3,5 sentner bostan, 0,6 sentner dən üçün qarğadalı və 18,0 sentner günəbaxan məhsulu çox toplanmışdır. Rayonumuzda Pambıq tədarükü sona catmışdır. 2020-ci ildə 14141 hektar sahədən 47365,7 ton xam pambıq tədarük edilmişdir ki, bu da respublika üzrə pambıq tədarükündə ən yaxşı göstəricidir. ahələrdə kənd təsərrüfatı məhsullarının yığımı başa çatmışdır.
Heyvandarlıq
2021-ci ilin 01 yanvar vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın baş sayı 67765 baş, o cümlədən, ana inək və çamışların baş sayı 32354 baş, qoyun və keçilərin baş sayı 115608 olmuşdur. 2020-ci yanvarın 1-i ilə müqayisədə 74 baş iri buynuzlu mal qara artmış, 2466 baş qoyun və keçi isə azalmışdır. İri buynuzlu mal qaranın tərkibində ana inək və çamışların sayı əvvəlki müvafiq dövrünə nisbətən 47 baş artmışdır. Heyvandarlıq sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatları və dövlət kənd təsərrüfatı müəssisələri üzrə 2021-ci ilin 1 yanvar vəziyyətinə 901 baş iri buynuzlu mal-qara, o cümlədən, ana inək və çamış 369 baş, qoyun və keçilərin baş sayı isə 10367 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal qaranın sayı 107 baş, ana inək və camışların sayı 17 baş artmış, qoyun və keçilərin sayı isə 3862 baş azalmışdır.
Sənaye
2020-сi il ərzində 12 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 49487,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 5456,1 min manat və ya 12,4 faiz çox sənaye məhsulları istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 91,9 faizi sənaye malları, 8,1 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur. İstehsal olunan sənaye məhsulu və xidmətlərin 91,9 faizi emal sənayesi üzrə, 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı payına düşür. Ümumi istehsalda özəl sektor 91,9 faiz, dövlət sektoru isə 8,1 faiz təşkil etmişdir. Sənaye məhsulu istehlakçılarına 45113,1 min manat həcmində sənaye məhsulu göndərilmişdir ki, buda əvvəlki illə müqayisədə 6849,5 min manat və ya 17,9 faiz çoxdur. 01 yanvar 2021-ci il tarixinə sənaye müəssisələrinin anbarlarında 8074,8 min manatlıq hazır məhsul qalıqı olmuşdur. Mal və xidmətlərin 47322,0 min manat və ya 95,6 faizi hüquqi şəxslər, 2165,3 min manat və ya 4,4 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur. Sənaye istehsalçıları tərəfindən 12 ay ərzində 14215,1 ton pambıq mahlıc, 18947,9 ton pambıq çiyid, 1472,2 ton pambıq lint-tiftik, 89,4 ton pambıq ulyuk, 17 ton mal-qara yemi, 150,3 ton biyan kipi, 171,7 ton biyan turşusu, 30,8 ton boya və lak istehsal olunmuşdur.
Əsaslı tikinti
2020-сi il ərzində rayonun 6 tikinti təşkilatı və fiziki şəxslər tərəfindən 3331,7 min manat həcmində təmir-tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1807,7 min manat və ya 35,2 faiz azalmışdır. Müəssisələrin öz gücü ilə yerinə yetirdiyi 2970,7 min manat həcmində işlərin 799,8 min manatı və ya 26,9 faizini yeni tikinti, 20,5 min manatı və ya 0,7 faizi əsaslı təmir, 1941,1 min manatı və ya 65,4 faizini cari təmir işləri və 209,3 min manat və ya 7,0 faiz sair təmir işləri təşkil etmişdir. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 19832,4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz çoxdur. İstifadə olunan investisiyanın 17328,5 min manat və ya 87,4 faizi dövlət vəsaiti, 2503,9 min manat və ya 12,6 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur. Adambaşına düşən investisiyanın həcmi 182,9 manat olmuşdur. Bütün maliyyə mənbələri hesabına ümumi yaşayış sahələri 13595,0 kv.m olan yaşayış evləri istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 61,5 faiz olmuşdur. İstifadəyə verilmiş əsas fondların həcmi 2452,0 min manat olmuşdur.
Nəqliyyat
2020-сi il ərzində rayonun nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 1350,2 min manat olmuşdur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1140,1 min manat və ya 45,8 faiz azalmışdır. Məhsul buraxlışının həcmindən 1119,9 min manatı fiziki şəxslərin, 230,3 min manatı isə hüquqi şəxslərin payına düşür. Fiziki şəxslər tərəfindən cari ildə 437,0 min ton yük, 4696,0 min sərnişin daşınmışdır ki, bu da ötən illə müqayisədə 290,0 min ton və ya (39,9 faiz) yük, 3953,0 min sərnişin və ya (45,7 faiz) az daşınmışdır.
Rabitə
2020-сi il ərzində rayonun rabitə müəssisələri tərəfindən müəssisə təşkilatlara və əhaliyə göstərilən xidmətlərin faktiki qiymətlərlə dəyəri 649,0 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 103,1 min manat və ya 18,9 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin dəyəri 637,2 min manat olmuşdur ki, bu da bütün rabitə xidmətlərinin 98,2 faizini təşkil edir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 120,1 min manat və ya 23,2 faiz artmışdır.
Əmək bazarı
2020-ci il ərzində rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitinidə əhalinin iqtisadi fəallığı xeyli artmış və fəaliyyət sahələri genişlənmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması sahəsində müəyyən işlər görülmüşdür. 2020-ci il ərzində 1500 yeni iş yeri açılmışdır ki, bununda 379 vahid mövcud müəssisə və təşkilatlarda, 1121 vahidi isə fiziki şəxslərdir. Rayonda 01 oktyabr 2020-ci il tarixə bütün işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali 53338 nəfər olmuşdur. İqtisadi fəal əhalinin tərkibində məşğulluq xidmətləri orqanları tərəfindən rəsmi qeydiyyatda olan 27991 nəfərdən, işsiz statusu verilmiş işsizlərin sayı 11655 nəfər olmuşdur. 2020-ci ildə işsizlik statusu olan 11655 nəfər işsizin 2 nəfərinə müavinət verilmişdir. 2020-ci il ərzində rayonda 50323 nəfər məşğul əhali olmuşdur ki, onunda 9249 nəfəri hüquqi şəxslərdə işləyən muzdlu işçilərdir. Muzdla işləyən işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 nəfər azalmışdır. 2020-ci il ərzində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 420,0 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63,8 manat və ya 17,9 faiz çox olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin həcmi
2020-сi il ərzində rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 226919,0 min manat olmuşdur ki, bunun da 13278,6 min manatı və ya 5,9 faizi hüquqi şəxslərin, 213640,4 min manatı və ya 94,1 faizi fiziki şəxslərin payına düşür. Pərakəndə ticarət dövriyyəsinin həcmini əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 528,0 min manat və ya 0,2 faiz artmışdır. Pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 109525,5 manatı və yaxud 48,3 faiz ərzaq mallarının, 117394,0 min manatı və yaxud 51,7 faiz qeyri ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin həcminin 226872,0 min manatı və ya 99,9 faiz özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində əmtəə qalığı 6080,0 min manat olmuşdur. 2020-ci il ərzində iaşə dövriyyəsinin həcmi 3940,0 min manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2520,0 min manat və ya 39,0 faiz azdır.
Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi
2020-сi ildə rayon üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 25265,0 min manat olmuşdur ki, bunun da 5588,5 min manatı hüquqi şəxslər üzrə, 19676,5 min manatı isə fiziki şəxslərin payına düşür. Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7126,0 min manat və ya 22,0 faiz azalmışdır. Azalmaya səbəb koronavirus infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar olmuşdur. Göstərilən ödənişli xidmətlərin həcmindən 3262,0 min manat məişət xidməti üzrə olmuşdur ki, bunun da 3248,2 min manatı fiziki şəxslərin payına düşür.