XX əsr mədəniyyətinin avanqard cərəyanı sayılan sürrealizm sənətini Azərbaycanda da inkişaf etdirən rəssamlar var ki, onlardan biri də Sürəyya Zeynalovadır. Hətta onun əsərləri ABŞ-da sərgidə nümayiş olunub. Peşəkar sənətçi ərsəyə gətirdiyi və sərgilənən əl işləri barədə bir çox məqamları danışıb.
Sürəyya Zeynalova həm də Muğanlı ləqəbi ilə tanınır. O, əslən Saatlı rayonundandır, Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etməklə bərabər həm də peşəkar rəssamdır. Sürəyya Muğanlı xəyal gücü və daxili dünyasının zənginlikləri ilə sürrealizmə aid müxtəlif kompozisiyalar ərsəyə gətirir. O, sənətinin incəlikləri barədə danışarkən deyib: “Hər sahədə nizamlı olmaq vacibdir. Sürrealizm janrında da belədir, istədiyin vaxt rəsm çəkmək olmur, bunun da öz sirləri var. Əvvəlcə ideya formalaşır, sonra eskizi hazırlanır və yekunda kətan üzərinə köçürülür. Əl işi bir neçə günə hazırlanır, nəticədə isə belə maraqlı görüntülər alınır. Sürrealizm təfəkkürün məhsulu sayıldığına görə əsərlərdə böyük ideyalar ortaya çıxır. Bir neçə ideyanı birləşdirəndə insanlar üçün anlaşılmaz olur və bu əsər sürrealizmə dayanır. Əsərlərimin əsas qayəsi sevgidir. Vətənə sevgi, valideynə sevgi, Allaha sevgi”.
Sürəyya Muğanlının əsərlərində Cənubi Qafqaz mifologiyasına istinadlar, Asiya və Cənubi Amerikanın dini inanclarından ilhamlanan əyani sitatlar yer alır. Onun əsərlərinə diqqət də böyükdür. Hətta ABŞ-ın Portlend şəhərindəki, Oreqan Müasir İncəsənət Mərkəzində “İlkinliyin sönməyən işığı” adlı sərgisi açılıb. Rəssamın həyat hekayəsi və səmimiliyi amerikalı sənətsevərlərin diqqətini cəlb edib. Portlend ictimaiyyəti və ABŞ sənətçiləri sərgi haqqında müsbət rəy veriblər. Ziyarətçilər arasında məşhur fotoqraf Kristofer Rauşenberq də olub.
“Əsərlərimi əsasən sosial şəbəkələrdə paylaşırdım və diqqəti çəkirdi. Bir dəfə əsərlərimin ABŞ-da sərgilənməsi üçün təklif aldım və bu məni çox sevindirdi. Çünki mən əsərlərimlə bərabər həm də dünya arenasına azərbaycanlı bir rəssamın əsərlərini çıxarmış oluram. Bu, mənim üçün əsl sürpriz oldu, çünki ağlıma gəlmirdi ki, ABŞ-da fərdi sərgim açılar. Amma bu gerçəkləşdi, həmin sərgidə 35 əl işim nümayiş olundu. Sərgidə əsasən fəlsəfi fikirləri özündə əks etdirən əsərlərim yer aldı. Bundan başqa Çikaqodakı muzeylərdən birində fərdi sərgimin keçirilməsi təklif olunub və bir neçə Avropa ölkəsində də sərgimin açılması gözlənilir”.