Məqalələr

Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu

Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu

ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.

1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib.

Birinci təklif - Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu.

İkinci təklif - 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu.

Üçüncü təklif - 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.

Nəticədə 30 ilə yaxın mövcud olan bir dövrdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir. Təcavüzkar Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsini beynəlxalq hüququn ən kobud şəkildə pozulması halı kimi aradan qaldırmalı olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın səmərəsiz fəaliyyətinin, əslində, nəticəsiz qalmış fəaliyyətsizliyinin özü dünyanın çağdaş siyasi tarixinə beynəlxalq hüququn biabırcasına hörmətdən salınması faktı kimi daxil oldu.

Qarabağ münaqişəsinin 20 faiz ərazisi işğal olunmuş, 1 milyon insanı məcburi köçkünə çevrilmiş tərəf kimi Azərbaycanın Minsk qrupundan qanuni və haqlı gözləntilərini lap əvvəldən bu qurumun həmsədrlərinin öz aralarındakı qeyri-həmrəyliyi, bir-birinə qarşı hegemon mövqeləri və münaqişə tərəflərinə subyektiv münasibətləri ciddi şübhə altına almışdı. Qarabağ davasının alovlanmasına imkan yaratmış SSRİ superdövlətinin varisi olan birinci həmsədr dövlət Rusiyanın münaqişənin həlli ilə bağlı daim üstün mövqe sərgiləməsi, Cənubi Qafqazdakı bu qarşıdurmadan regionda təsirinin güclənməsi vasitəsi kimi yararlanmağa çalışan ikinci həmsədr ABŞ-ın, hər şeydən əvvəl, öz maraqlarını önə çəkməsi, təpədən-dırnağa qədər ermənipərəst ölkə olan üçüncü həmsədr Fransanın isə Azərbaycana birtərəfli və əsasən qərəzli münasibəti ATƏT-in Minsk qrupunun fəaliyyətini 28 il imitasiyalar silsiləsinə çevirdi.

Azərbaycan dövlətinin rəhbərləri - ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu qurumun aldadıcı, konkret nəticəyə yönəldilməyən təsirsiz fəaliyyəti barədə davamlı xəbərdarlıqlarına baxmayaraq, Minsk qrupu bu mövqesizliyi ilə Ermənistanın açıq-aşkar işğalçılıq siyasətinin davam etməsinə şərait yaratdı, öz işində nəinki illəri, eləcə də on illəri bir-birinin ardına düzdü. Nəhayət, ötən ilin payızında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 27 ildən bəri icrasız qalmış 4 qətnaməsinin və öz ərazi bütövlüyünü təmin etmək barədə beynəlxalq hüququn verdiyi mötəbər əsaslarla işğalçı Ermənistanın silahlı birləşmələrini əzərək Qarabağdan qovub çıxardı. Bununla Minsk qrupunun on illər boyu uzadıb həll etmədiyi Qarabağ münaqişəsinə hərbi yolla son qoyuldu və bu qurumun mövcudluğuna isə bir ehtiyac qalmadı.

Məmmədov Nahid,
Saatlı rayon Sarıcalar kənd tam orta məktəbin tarix müəllimi.