İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində cari ilin 30 may - 10 iyun tarixlərində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunub. Təlimin keçirilməsində məqsəd xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirməklə icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinin hazırkı idarəetmə mexanizmini beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan təlimdə agentliyin İdarə Heyəti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Ağcabədi, Beyləqan, Bərdə, Quba, Ucar, Qəbələ, Saatlı, Ağdaş rayon mərkəzi xəstəxanalarının, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, habelə Kliniki Tibbi Mərkəzin və Sumqayıt, Nərimanov, Xəzər, Pirallahı, Lökbatan tibb mərkəzlərinin direktorları və müavinləri iştirak edib.
Təlim proqramının açılışında çıxış edən agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova təlim proqramının təşkili üçün Ankara Universitetinə və TİKA-ya təşəkkürünü bildirərək tədbirin əhəmiyyətindən danışıb: “Azərbaycanda icbarı tibbi sığortanın tətbiqi ilə tibb müəssisələrində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yarandı. Tibb müəssisələrinin effektiv idarə edilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan verən faktordur. Bu səbəbdən hesab edirəm ki, xəstəxanaların idarə edilməsinə həsr olunan 11 günlük təlim bu işə böyük töhfə verəcəkdir. Mən təlim proqramını hazırlayıb ərsəyə gətirən Ankara universitetinin professor və müəllim heyətinə, şəxsən universitetin rektoru cənab Necdet Ünüvara və TİKA-nın rəhbəri Serkan Kayalara xüsusi təşəkkürümü bildirirəm. Əminəm ki, Ankara Universiteti ilə gələcək əməkdaşlığımız çərçivəsində qarşıda bizi olduqca faydalı layihələr gözləyir”.
Qeyd edək ki, Ankara Universitetinin Tibb elmləri fakültəsinin Səhiyyənin idarə edilməsi bölməsinin professorları tərəfindən keçirilən təlimdə tibb müəssisələrinin büdcəsinin və fəaliyyət keyfiyyətinin idarə edilməsi, xəstəxanaların akkreditasiyası, layihələrin qiymətləndirilməsi, qərar vermə metodları, insan resurslarının idarə edilməsi, marketinq və ictimaiyyətlə əlaqələr kimi mövzular tədris olunub.
Təlimçilər həmçinin iştirakçıları beynəlxalq səhiyyə siyasəti və islahatları, səhiyyənin informasiya sistemlərinin idarə olunması, səhiyyə iqtisadiyyatı və iqtisadi qiymətləndirmə, tibbi sığorta və xəstəxana münasibətləri ilə bağlı beynəlxalq təcrübə haqqında məlumatlandırılıb.
Bununla yanaşı, proqram çərçivəsində təlim iştirakçıları tədris edilən mövzular üzrə əyani tanışlıq üçün Bilkent Şəhər Xəstəxanası və Ankara Universitetinin İbni Sina Xəstəxanasını ziyarət ediblər. Xəstəxanaların Təcili Tibbi Yardım sahələri, klinikaları və reanimasiya şöbələri ilə tanış olan iştirakçılara xəstəxanaların fəaliyyəti haqqında ətraflı məlumat verilib.