İlk baxışdan adi əl daşı kimi görünən kirkirənin (əl dəyirmanı, dəstər) Nəsirovlar ailəsi üçün böyük mənəvi dəyəri var. Çünki Nəsirovlar ailəsi həmin daşı doğma yurdlarından - Dərələyəz mahalından deportasiya olunan zaman gətiriblər. Bu gün də kirkirə ailə tərəfindən qorunub saxlanılır.
Nəsirovlar ailəsi Azərbaycanın tarixi torpaqları olan Dərələyəz mahalının Heşin kənd sakinləridir. Ailə başçısı 88 yaşlı Qərib Nəsirov o ağrılı-acılı günləri bir an belə unutmadıqlarını söyləyir. Çünki onlar iki dəfə deportasiyaya məruz qalaraq doğma yurdlarından köçkün düşüblər. İlk dəfə 1948-ci ildə deportasiya olunan ailə Şərur rayonunda məskunlaşsa da, orada cəmi bir il qala biliblər. 1949-cu ildə ikinci dəfə deportasiya ediliblər və 70 ildən çoxdur Saatlıda yaşayırlar.
Həmin günlərdən danışan Qərib dayı deyir: "Ermənilər gələndən sonra bizi doğma yurdumuzdan didərgin elədilər. Hansı ki, yaşadığımız torpaqlarda əvvəldən bir nəfər də olsun erməni yox idi. Lakin onları gətirib bizim kəndlərə yerləşdirdilər, bizi öz kəndimizdən, ata-baba yurdumuzdan qovdular. Bizi yığdılar yük vaqonuna, günlərlə ac-susuz yol getməli olduq. Çox ağır günlərdən sonra gəlib çıxdıq Saatlı rayonuna".
Doğma yurdunu, xatirələrini unutmayan Qərib dayı bildirir ki, yenidən o yerlərə qayıtmaq ümidi ilə yaşayır. "Bizim o yerlərlə bağlı çoxlu xoş xatirələmiz, həmçinin yadigarlarımız var. Əl daşı olan dəstər də həmin yadirgarlardan biridir. Bu dəstərin 100-dən çox yaşı var, bizim ən çətin günlərimizdə - deportasiya vaxtı və ondan sonrakı dövrlərdə əlimizdən tutub. Ona görə də bu daş ailəmiz üçün çox dəyərlidir. Təsəvvür edin, yeni sürgün olunmuşduq, ağır şəraitdə yaşayırdıq, ocaq yox, təndir yox, sac yox, harada çörək bişirək bilmirdik. Çətinliklə əldə etdiyimiz taxılı bu dəstərlə üyüdür, su töküb bişirirdik".
Dərələyəz dağ yeri olduğundan Aran bölgəsinin iqlim şəraiti onlar üçün əvvəllər çox çətinlik törədib. Sonralar buranın iqliminə uyğunlaşıblar. Lakin uzun illər keçməsinə baxmayaraq, Vətən həsrəti ilə yaşayır, o günləri unutmurlar...