Ölkə Başçısı Saatlıda

Prezident İlham Əliyev Saatlı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

Prezident İlham Əliyev Saatlı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da, muzeylə tanışlıqdan sonra Saatlı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Səməd Vurğun adına 1 nömrəli şəhər orta məktəbin direktoru, əməkdar müəllim OQTAY MƏMMƏDOV dövlətimizin başçısına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Sizin bu səfərinizi çoxdan gözləyirdik. Bu gün Saatlı camaatının sevincinin həddi-hüdudu yoxdur. Ona görə ki, ulu öndərimizin layiqli davamçısı onları ziyarətə gəlmişdir. Respublikamızın bütün bölgələri kimi, Saatlı rayonu da gündən-günə inkişaf edir, abadlaşır və gözəlləşir. Sizin diqqət və qayğınıza insanlar öz zəhmətləri ilə cavab verməyə çalışırlar. Belə ki, rayonumuzda gedən abadlıq işlərində onlar özləri, heç bir dəvət, çağırış olmadan iştirak edirlər.

Cənab Prezident, son vaxtlar 8 kəndimizdə Araz və Kür çaylarından götürülən lilli suların təmizlənməsi məqsədi ilə sudurulducu qurğular quraşdırılmışdır. Daha 10 kənddə də belə qurğular istifadəyə veriləcəkdir. Buna görə bütün Saatlı camaatı adından minnətdarlığımızı bildirirəm.

Əziz Prezidentimiz, bütün rayonlarda olmusunuz. İnsanlarla xoş ünsiyyətiniz hamını doğmalaşdırıbdır. Siz insanların ürəyindəsiniz. Xalqımız Sizi özünə arxa, dayaq hesab edir.

Bu gün respublikamız sabitlik şəraitində yaşayır, ab-hava yaxşıdır. Ölkəmiz inkişaf edir, iqtisadi artım cəhətdən dünyanın lider ölkəsinə çevrilmişdir. Bu, Sizin diqqətinizin, daxili və xarici siyasətinizin nəticəsidir. Allah Sizə yar olsun.

Əziz Prezidentimiz, Siz ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirirsiniz. Çalışırsınız ki, respublikamız dünya miqyasında ən şöhrətli, qüdrətli dövlətə çevrilsin. Əlbəttə, Sizin proqramlarınız çoxdur, bu, bizə məlumdur. Sizə bu yolda müvəffəqiyyətlər arzulayıram. Allah Sizə kömək olsun. Biz insanlara da ömür versin ki, Sizin gələcək işlərinizi görək və qürur hissi keçirək.

Prezident İLHAM ƏLİYEV minnətdarlıq edərək dedi:

- Təşəkkür edirəm. Sizin hamınızı ürəkdən salamlayıram. Mən çoxdan istəyirdim Saatlıya gəlim. Düzdür, əvvəllər, 1970-80-ci, 1990-cı illərdə ulu öndərlə bərabər burada çox olmuşam. Bu dəfə Prezident kimi gəlmişəm ki, sizinlə görüşüm və rayonun inkişafı üçün lazım olan əlavə tədbirlər haqqında danışaq. Mən rayonun inkişafı üçün çox vacib qərarların qəbul edilməsinə nail olmuşam. Siz qeyd etdiniz ki, içməli suyun təmizlənməsi məsələləri həll olunur. Bu, çox vacib məsələdir. Çünki, uzun illər insanlar bu imkandan məhrum idi. Bu gün görülmüş tədbirlər nəticəsində və quraşdırılmış xüsusi təmizləyici qurğular hesabına insanlar təmiz su ilə təmin olunurlar. Bu, hələ birinci mərhələdir. Biz növbəti mərhələdə əlavə kəndləri təmiz su ilə təmin edəcəyik.

Bütövlükdə, görülən və görüləcək tədbirlər nəticəsində 500 min insan ən keyfiyyətli təmiz su ilə təmin olunacaqdır. Bu nə deməkdir?! Bu, insanların sağlamlığı deməkdir. O deməkdir ki, insanlar yaxşı su içəcəklər. Bütün başqa sosial məsələlərin həlli işində bütün ölkədə, o cümlədən Saatlı rayonunda əməli-praktik işlər görülür və mən istəyirəm ki, bu işlər gələcəkdə daha da sürətlə görülsün. Həm təhsillə, həm səhiyyə sisteminin təkmilləşməsi ilə bağlı məsələlər və həm də Azərbaycanda insanları narahat edən bütün problemlər həll olunmalıdır. Biz bunu kompleks şəkildə aparırıq. Bilirsiniz ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla icra edilir və orada Saatlı rayonunun inkişafı üçün tədbirlər nəzərdə tutulmuşdur. Mən əminəm ki, növbəti beş il ərzində görüləcək işlər haqqında siz öz təkliflərinizi hazırlamısınız. Biz onları alacağıq, bir hissəsi alınıbdır və növbəti beşillik proqramın bütün parametrləri indi müzakirə edilir. Hər bir rayon, hər bir kənd üçün xüsusi tədbirlər planı hazırlanacaqdır. Çünki, düzdür, Azərbaycanın iqtisadiyyatı sürətlə artır. Sizin qeyd etdiyiniz kimi, biz son dörd il ərzində dünya miqyasında birinci yerdəyik və bunun nəticələrini görürük. Həm abadlaşan şəhərlərdə, həm də yeni infrastruktur layihələrində, insanların həyat səviyyəsinin yaxşılaşmasında görürük.

Ancaq biz elə etməliyik ki, bütün rayonların potensialı tam şəkildə işə düşsün, ondan tam şəkildə istifadə olunsun. Əlbəttə, rayonlarda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Ulu öndər tərəfindən əsası qoyulmuş və bu gün uğurla davam etdirilən enerji siyasətimiz bizim xoşbəxt gələcəyimizi təmin edəcəkdir. Biz maliyyə baxımından korluq çəkməyəcəyik. Ancaq əsas vəzifə ondan ibarətdir ki, hər bir bölgənin potensialından səmərəli istifadə olunsun. Biz kənd təsərrüfatına, emal müəssisələrinin yaradılması işlərinə və sosial məsələlərin həllinə böyük diqqət göstəririk.

Saatlının da çox böyük imkanları, çox böyük potensialı var. Burada kənd təsərrüfatının inkişafı üçün yaxşı imkanlar var. Əlbəttə biz, bunu stimullaşdırmalıyıq. Son illər ərzində aparılmış islahatlar, 1990-cı illərin ortalarında ulu öndər tərəfindən qəbul edilmiş qərarlar, kəndlilərin vergilərdən azad olunması və onlara güzəştli şərtlərlə kreditlərin verilməsi məsələləri bu gün öz bəhrəsini verir. Əlavə tədbirlər görülür və görüləcəkdir. Bu tədbirlər nəticəsində Azərbaycan özünü ərzaq məhsulları ilə tam şəkildə təmin etməlidir. Bu, indiyədək Azərbaycanın tarixində heç vaxt olmamışdır.

Görürəm ki, bu görüşdə yaşlı nəslin nümayəndələri iştirak edir. Siz yaxşı bilirsiniz ki, Sovet İttifaqı zamanında Azərbaycana ərzaq məhsullarının böyük hissəsi başqa respublikalardan gətirilirdi. Azərbaycan isə istehsal etdiyi məhsulları başqa respublikalara göndərirdi. Ancaq indi belədir ki, biz ərzaq təhlükəsizliyi məsələlərimizi özümüz həll etməliyik. Azərbaycan bütün ərzaq məhsullarını özü istehsal, emal etməlidir. Beləliklə, həm yeni iş yerləri açılacaq, həm yerli istehsal yaranacaq və həm də ərzaq təhlükəsizliyi məsələləri həll olunacaqdır. Bu, hər bir ölkənin təhlükəsizliyi üçün vacib olan məsələdir.

Bizim təbii ehtiyatlarımız var, neftimiz, qazımız var və neft strategiyamız uğurla icra edilir. Yəni biz bu baxımdan heç kimdən asılı deyilik. Dünyanın əksər ölkələri enerji məsələlərində idxaldan asılıdır. Azərbaycan bundan asılı deyildir. Bizim çox gözəl iqlimimiz, təbii şəraitimiz var. Kənd təsərrüfatının inkişafı üçün bütün lazımi imkanlar var, çox istedadlı insanlar var. Biz resurslarımızı tam şəkildə işə salmalıyıq, onlardan istifadə etməliyik və əminəm ki, bütün bu məsələlər növbəti beş il ərzində öz həllini tapacaqdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla icra olunması onu göstərir ki, qəbul edilmiş bütün qərarlar vaxtlı-vaxtında yerinə yetirilir. Əminəm ki, növbəti beş ildə bütün ölkədə, o cümlədən Saatlı rayonunda yeni böyük layihələr icra olunacaqdır. Ona görə mən çox istəyirəm ki, rayonun bütün problemləri - həm sosial, həm iqtisadi, həm də sənayenin inkişafı ilə bağlı olan problemləri öz həllini tapsın. Biz rayondan gələn bütün təklifləri təhlil edib növbəti beşillik proqrama daxil edək və belə olan halda, bütün problemlər həll olunacaqdır.

Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, çalışıram ki, bütün rayonlarda olum. Bəzi rayonlara əvvəllər getmişəm, bəzi rayonlara getməyə imkan olmayıbdır. Saatlı rayonuna da çoxdan gəlmək istəyirdim. Ancaq imkan olmamışdır. Bu gün mən çox şadam ki, sizinlə birlikdəyəm. Bu gözəl gündə həm burada ulu öndər Heydər Əliyevin muzeyinin açılışında iştirak edirik, həm də sizinlə söhbət edirik. Çox istərdim ki, sizi narahat edən məsələlər haqqında, rayonda əlavə hansı işlər görülməlidir, hansı çatışmazlıqlar var, biz haraya daha çox diqqət göstərməliyik - bu barədə də danışaq. Mənim rayonlara səfərlərimin əsas məqsədi bundan ibarətdir. Bir tərəfdən, görülən işlər haqqında məlumat alıram, öz gözümlə hər şeyi görürəm, qəbul olunmuş qərarların necə icra edilməsi ilə tanış oluram. Digər tərəfdən, ən önəmlisi isə öyrənirəm ki, biz növbəti illərdə nə etməliyik. Əlbəttə, biz indi sosial-iqtisadi inkişaf, sənayenin inkişafı ilə bağlı vacib qərarları qəbul edirik. Ancaq siz - yerlərdə, bölgələrdə yaşayan insanlar daha yaxşı bilirsiniz ki, sizi nə narahat edir, əlavə nə edilməlidir.

Bu gün Azərbaycanın iqtisadi imkanları belədir ki, biz istənilən məsələni həll edə bilərik. Biz son beş il ərzində dövlət büdcəmizi on dəfədən çox artırmışıq. 2009-cu ilin dövlət büdcəsi müzakirə olunur, Milli Məclisə təqdim ediləcəkdir. Bizim dövlət xərclərimiz, ümumi icmal büdcənin xərcləri 18 milyard dollar olacaqdır. Amma 2003-cü ildə cəmi 1,2 milyard dollar idi.

Onu demək istəyirəm ki, imkan var, vəsait də var və biz heç kimdən, nə xarici kredit təşkilatlarından, nə də başqa ölkələrdən asılı deyilik. Sadəcə olaraq, bu vəsaitdən səmərəli istifadə etməliyik, insanları narahat edən problemləri aradan qaldırmalıyıq, investisiya qoyuluşu üçün şərait yaratmalıyıq və rayon əhalisini narahat edən əsas məsələləri aşkar etməliyik. Bax, belə yanaşma bizim qarşımızda duran bütün məsələlərin həllini təmin edəcəkdir. Mən həm icra hakimiyyətinin başçısını vəzifəyə bu yaxınlarda təyin etmişəm və göstəriş vermişəm ki, fəal işləsin. İnsanlarla ünsiyyətdə olsun, insanların problemlərini həll etsin. Həm də ki, rayonun fəalları bu işdə öz sözünü deməlidir. İndi siz mənə deyin ki, Saatlı rayonunun inkişafı üçün əlavə nə lazımdır, hansı məsələ narahat edir insanları. Deyin, ona baxmayın.

GÜLHÜSEYN ƏHMƏDOV (Milli Məclisin deputatı): Cənab Prezident, burada əsas içməli su problemdir. Düzdür, Siz göstəriş vermisiniz, siyahıya salınıbdır. Ancaq insanlar hələ kanal suyu içirlər.

SİRAQƏDDİN CABBAROV (Saatlı rayon İcra hakimiyyətinin başçısı): Cənab Prezident, Dövlət proqramına uyğun olaraq, 22 kənddə təmizləyici qurğunun qoyulması nəzərdə tutulubdur.

İLHAM ƏLİYEV: Artıq neçə kənddə təmizləyici qurğu quraşdırılıbdır?

SİRAQƏDDİN CABBAROV: 8 kənddə 60 kubmetrlik həcmi olan qurğu quraşdırılıbdır.

İLHAM ƏLİYEV: Yəqin ki, insanlar bunun yaxşı nəticəsini görürlər. İndi o qurğulardan əlavə nə qədər qoyulmalıdır ki, biz su problemini tam şəkildə həll edək?

SİRAQƏDDİN CABBAROV: Cənab Prezident, rayonun 44 kəndi var. Dövlət proqramına uyğun olaraq, 22 kənddə quraşdırılacaqdır.

İLHAM ƏLİYEV: Siyahıda 22 kənd var, bəs qalan kəndlər?

SİRAQƏDDİN CABBAROV: Elə yer var ki, iki kənd bir qurğu ilə təmin olunur. Qurğular İsrail istehsalıdır və çox yaxşıdır.

İLHAM ƏLİYEV: Mən vəzifə qoymuşam ki, biz bu məsələni tezliklə həll edək. Çünki bəzi hallarda bizim qəbul etdiyimiz proqramların icrası uzanır. Mən hesab edirəm ki, biz hər şeyi qısa müddət ərzində görməliyik. İçməli su insanları narahat edən əsas məsələdir. Biz bunu həll edəcəyik.

SİRAQƏDDİN CABBAROV: Cənab Prezident, hazırda 4 kənddə qurğu quraşdırılıb, hazır vəziyyətdədir.

İLHAM ƏLİYEV: Burada yeni müəssisələrin yaradılması, investisiya qoyuluşu, özəl sektorun inkişafı ilə bağlı hansı tədbirlər görülür?

GÜLHÜSEYN ƏHMƏDOV: Cənab Prezident, Siz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını təsdiq edəndən sonra Saatlı rayonuna gəlmişdiniz. Rayonun Əlisoltanlı kəndində yeni gözəl fabrik tikilir. 1980-ci illərdən yarımçıq qalmışdı. İş adamları indi bu fabriki gözəl düzəldirlər. Bu gün açılışında iştirak edəcəyiniz Biyan zavodu tikilibdir. Son illərdə Sizin göstərişinizlə bir neçə pambıq zavodu tikilmişdir. Bu rayonda ən əsası su problemidir.

SİRAQƏDDİN CABBAROV: Cənab Prezident, bununla əlaqədar layihə işlənilir.

İLHAM ƏLİYEV: Layihə işlənilir?

SİRAQƏDDİN CABBAROV: Bəli.

İLHAM ƏLİYEV: Zeynal, nədir bu məsələ, həlli nə yerdədir?

ZEYNAL NAĞDƏLİYEV (Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri): Cənab Prezident, burada suvarma suyuna da ehtiyac var. Kür çayından öz axarı ilə kanalın çəkilməsinə ehtiyac vardır.

İLHAM ƏLİYEV: Bu məsələ ilə kim məşğuldur?

SİRAQƏDDİN CABBAROV: Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.

İLHAM ƏLİYEV: Bu problemin həlli indi bütün ölkə üçün çox vacibdir. Biz son illər ərzində enerji problemini həll etmişik. İndi elektrik enerjisi ilə problem olmamalıdır. Saatlı rayonunda necədir?

SİRAQƏDDİN CABBAROV: Normaldır, əhali elektrik enerjisi ilə təminatdan razıdır.

İLHAM ƏLİYEV: Bir neçə elektrik stansiyası tikilib, elektrik xətləri çəkilibdir. Biz enerji gücümüzü böyük dərəcədə artırmışıq. Ondan sonra qaz xətlərinin çəkilişi. İndi bütün rayonlara qaz xətləri çəkilir. Düzdür, hələ ki, rayonların bütün məntəqələrinə qaz vermək mümkün deyil. Rayon mərkəzlərinə və ətraf kəndlərə verilir. Burada da belədir?

SİRAQƏDDİN CABBAROV: Bəli, cənab Prezident.

İLHAM ƏLİYEV: Növbəti illərdə daha çox kəndlər təchiz olunacaqdır. Ağdamın Quzanlı və Füzulinin Horadiz qəsəbələrinə qaz xətləri çəkilib və yaxın zamanlarda qaz veriləcəkdir. Beləliklə, bütün rayonlar, - əlbəttə, işğal edilmiş rayonlar istisna olmaqla, - qazla təmin edilir. İndi yollar çəkilir. Əlbəttə, ilk növbədə, magistral yollar çəkilməlidir. Ondan sonra şəhərlərarası yollar çəkilməlidir. Mən gələndə gördüm ki, magistral yoldan bu tərəfə gələn yol bərbad vəziyyətdədir. İndi əsas istiqamətlərdə yollar çəkilir. Bakıdan Qazaxa qədər, Bakıdan Xaçmaza, Qusara və Rusiya sərhədinə qədər, İran sərhədinə qədər işlər başlayıbdır. Təbii ki, ilk növbədə, bu magistral yollar çəkilməlidir. Amma şəhərlərarası yollar da böyük əhəmiyyət kəsb edir. Buradakı yolun təmiri, yenidən qurulması da çox vacibdir. Ona görə bütün məsələlərin kompleks şəkildə həll olunması vacibdir: infrastruktur, yol, elektrik xətləri, qaz xətləri və içməli su məsələsi. Növbəti beş il ərzində içməli su və suvarma suyu məsələləri prioritet olacaqdır. Çünki bu, böyük vəsait tələb edir. Biz bu işləri həm özümüz görürük, həm də Dünya Bankı ilə birlikdə görürük. Milyardlarla dollar vəsait tələb olunur. Bizim iqtisadi imkanlarımız hələ son illər yaranmağa başlayıbdır. Nəyin hesabına?! Ulu öndərin neft strategiyasının hesabına. Əgər bu olmasaydı, biz vəsaiti haradan götürəcəkdik? Heç yerdən! Bax, bu uzaqgörənlik, müdriklik, ulu öndərin Azərbaycan xalqına xidmətləri həmişə - bu gün və gələcəkdə Azərbaycanın inkişafına təkan verəcəkdir.

Ona görə mən müvafiq göstərişlər vermişəm və bir neçə dəfə içməli su ilə əlaqədar xüsusi müşavirələr keçirmişəm.. Çünki su həm insanların sağlamlığı üçün, həm kənd təsərrüfatının inkişafı üçün, həm də bölgələrin inkişafı üçün vacibdir. Mən tam əminəm ki, növbəti illərdə bunları həll edəcəyik. Hər halda, regionların inkişafına dair beşillik proqramda nəzərdə tutulacaq və həll olunacaqdır. Amma biz elə etməliyik ki, bunu daha qısa müddət ərzində həll edək, beş il uzanmasın.

Əlbəttə, hər bir rayonda abadlıq işləri görülməli, gözəl parklar, küçələr salınmalı, insanların istirahəti üçün lazım olan bütün şərait yaradılmalıdır. Saatlının inkişafı üçün əlavə vəsaitin ayrılması da nəzərdə tutulacaqdır. Bakıya gedən kimi göstəriş verəcəyəm ki, burada işlər daha da sürətlə getsin.

SİRAQƏDDİN CABBAROV: Cənab Prezident, Sizin tapşırığınızla vəsait ayrılıbdır. Ucqar kəndlər, əsasən, axıska türkləri yaşayan kənddən şəhər istiqamətinə bir kilometr asfalt döşənmişdir. İlin sonuna 10 kilometr yol asfaltlanacaqdır. Qalan 20 kilometrin isə asfaltlanması növbəti investisiya proqramına salınmışdır. Bilavasitə Sizin tapşırığınıza uyğun olaraq işlərə başlanmışdır və yüksək keyfiyyətlə görülür.

İLHAM ƏLİYEV: Bunları siz özünüz edirsiniz, amma şəhərlərarası yollarla Nəqliyyat Nazirliyi məşğuldur. Onlara tapşırıq verəcəyəm ki, Saatlıya gələn yola diqqət göstərsinlər və bu yol yaxşı səviyyədə olsun.

GÜLHÜSEYN ƏHMƏDOV: Cənab Prezident, Saatlı çox şoran yer olub, buradakı ağaclar 1970-ci ildən sonra əmələ gəlibdir. Ulu öndər o vaxt meliorasiya və digər məsələlərlə bağlı göstərişlər verdikdən sonra bu işlər görülmüşdür.

SİRAQƏDDİN CABBAROV: Gələn il üçün də geniş proqram nəzərdə tutulmuşdur.

İLHAM ƏLİYEV: Bu işlər bütün bölgələrdə davam edir, ağaclar əkilir. Mən xüsusi göstəriş vermişəm ki, bütün yolların kənarında ağaclar əkilsin. İndi gələndə görürəm ki, əkilən ağaclar artıq böyüyür. Bütün magistralın sağı və solunda gözəl ağaclar olacaqdır. Hər yerdə ağac əkilməlidir. Əlbəttə, bu, həm gözəllikdir, həm də sağlamlıqdır. Həm Bakıda, həm də rayonlarda bu işlər sürətlə getməlidir.

Sağ olun.

X X X

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.