Prezident İlham Əliyev Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olmuşdur.
Məlumat verildi ki, Bayraq Meydanı Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks etdirən “Şəhidlər” və 31 Mart - Azərbaycanlıların Soyqırımı abidələrinin ərazisi ilə birləşdirilərək ümumi kompleks şəklində yaradılmaqla iki hektar sahəni əhatə edir. Bayraq Meydanının inşasına bu il mayın 10-da başlanılmış, qısa zamanda başa çatdırılmışdır.
Şəhərin giriş hissəsində yerləşən meydanda 82 metr hündürlüyündə bayraq dirəyi ucaldılmış, uzunluğu 24, eni 12 metr olan dövlət bayrağı asılmışdır. Kompleksin ərazisində qurulan iki metr hündürlüyündəki dörd postamentin üzərində Azərbaycanın metaldan tökülən xəritəsi, dövlət gerbi, ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyi barədə sözləri və Azərbaycanın dövlət himninin mətni həkk olunmuşdur. Meydanın ətrafında orta əsrlərin memarlıq ənənələrinə uyğun qala tipli daş hasarlar, eləcə də tağşəkilli hasarlar hörülmüşdür. Üç qədim qala qapısı da meydana xüsusi gözəllik verir. Meydanda orta əsrlər Azərbaycan əsgərinin tökmə materiallardan beş heykəli yaradılmışdır. Heykəllərdən üçü qala divarları üzərində, ikisi isə meydan ərazisində qoyulmuşdur.
Bildirildi ki, Bayraq Meydanının ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi, iki fəvvarə quraşdırılmışdır.
Prezident İlham Əliyev Bayraq Meydanının ərazisində yaradılan Bayraq Muzeyi ilə də tanış oldu.
Ümumi sahəsi 124 kvadratmetr olan Bayraq Muzeyinin aypara şəkilli binası sərgi və iki köməkçi otaqdan ibarətdir. Muzeyin “Azərbaycanın tarixi dövlətləri” adlı bölməsi Manna dövlətindən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinədək olan dövrü əhatə edir. Digər bölmədə Dədə Qorqud, Aristotel, Şah İsmayıl Xətai, Şeyx Məhəmməd Xiyabani, Hüseyn Cavid və Mikayıl Müşfiqin dövlət, dövlətçilik, bayraq haqqında kəlamları yer almışdır. Papirus formasında açılmış 5 hissədən ibarət bölmədə Azərbaycanda mövcud olmuş tarixi dövlətlər və onların rəhbərləri, dünya mədəniyyətinin inkişafına töhfə vermiş və beynəlxalq miqyasda tanınan mədəniyyət və incəsənət xadimlərimiz, ziyalılarımız, Azərbaycan xanları, Azərbaycan Xalq Cümhuriyyətinin generallarının rəsmləri yer almışdır. Ulu öndər Heydər Əliyevə həsr olunan bölmə isə “İstiqlal! Tam və mütləq Qələbə” adlanır. Muzeyin divarlarında, həmçinin ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizlə bağlı tarixi kəlamları, bayraq haqqında dediyi sözlər həkk edilmişdir.
Muzeyin sərgi otağında Azərbaycanın dövlətçilik tarixində və mədəniyyətində mühüm rol oynayan dahilərin, mütəfəkkirlərin, şairlərin də daxil olduğu 27 rəsm əsəri yağlı boya ilə divar üzərində işlənmişdir. Muzeydə, həmçinin 1918-1991-ci illərdə istifadə olunan Azərbaycan bayraqları, müstəqil Azərbaycanın ordenləri və onlar haqqında məlumatları əks etdirən lövhə də vardır. Numizmatika bölməsində isə eramızdan əvvəl III əsrdən başlayaraq xanlıqlar dövrünə aid qədim sikkələr, XIX və XX əsrin nadir eksponatları, Səfəvi dövləti, Gəncə və Qarabağ xanlıqlarının bayraq ucluqları, XIX əsrə aid şəhərlərin gerbləri nümayiş olunur. Azərbaycan ərazisində mövcud olan qədim dövlətləri və eləcə də xanlıqlar dövrünün bayraqları muzeyin sərgi otağına xüsusi yaraşıq verir.
Bayraq Meydanı və muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti tapşırıq və tövsiyələrini verdi.