Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq “Təbiətin qorunması və mühafizəsində hər birimiz həmrəy olmalıyıq” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, aidiyyəti qurumların əməkdaşları iştirak etmişlər.
Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva cənab Prezident İlham Əliyevin dünyada ekoloji tarazlığın bərpa olunması məqsədilə həmrəylik nümayiş etdirilməsi üçün Konstitusiyanın 109-cu bəndini rəhbər tutaraq 2024-cü ilin məhz “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Sərəncam imzalamasından söz açaraq Sərəncama uyğun Tədbirlər Planının qəbulundan və Plana uyğun olaraq Saatlı rayonunda 2024-cü ilin altı ayı ərzində silsilə formada dəyirmi masaların, maarifləndirici tədbirlərin keçirildiyini, yolların, küçələrin, prospektlərin məişət tullantılarından, alaq otlarından təmizləndiyini, istirahət parklarında olan ağaclara aqro-texniki qulluq göstərildiyini, sudan səmərəli istifadə məqsədilə təbliğat işlərinin aparıldığını qeyd edib. O, həmçinin BMT-nin İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarından danışaraq artıq həyəcan təbilinin çalındığını, iqlim dəyişikliyi və ekoloji çirklənmənin isnan sağlamlığında ciddi fəsadlar yaratdığını və bunun qarşısının alınmasında hər bir şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməli olduğunu bildirib.
Daha sonra çıxış edən Saatlı Təhsil sektorunun əməkdaşı Nuruşov Urşan, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Türkan Həsənova və Saatlı Peşə liseyinin direktor müavini Könül Allahverdiyeva təbiətin qorunması və mühafizəsi ilə bağlı təhsilalanlarla mütəmadi görüşlər keçirildiyini və söhbətlər aparıldığını, ətraf mühitin qorunmasının əhəmiyyətinin onlara izah edildiyini bildirərək təhsil müəssisələrinin ətrafının müxtəlif növ tullantılardan təmizləndiyini, təhsilalanları praktiki olaraq bu işlərə cəlb etməklə onlarda vərdişlərin formalaşmasından danışıblar. Könül Allahverdiyeva,həmçinin şəhid bulaqlarının ətrafının təmizlənməsi və ağac əkilməsi prosesinin həyata keçirildiyini bildirb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional şöbəsinin məsləhətçisi Elvin İbrahimov Komitənin gördüyü işlərdən, həmçinin rayon ərazisində yerləşən məscidlərin həyətlərinin və ətrafının təmizlənməsindən, məscidlər yerləşən ərazilərdə yeni ağac tinglərinin əkilməsindən, Qaracalar kənd İƏD üzrə nümayəndə Mehman Əhmədov isə kənddə 2024-cü ilin altı ayı ərzində görülən işlərdən, kanalların və kənd ərazisinin tullantılardan təmizlənməsindən danışıb.