Qanlı Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Saatlı sakinləri rayonda Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canlarını fəda edən həmyerlilərinin xatirəsini anıblar.
Şəhidlər xiyabanında keçirilən anım mərasimində çıxış edənlər 1990-cı il yanvarında müstəqilliyimiz uğrunda ayağa qalxan xalqımızın qəhrəmanlığından söhbət açıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə insanlar sovet qoşunlarının qarşısına əliyalın çıxaraq, öz haqq səslərini ucaldıblar. 32 il ötməsinə baxmayaraq, bu faciə heç zaman unudulmayacaq. Çünki həmin gün Azərbaycan xalqı öz qanı ilə tarix yazdı.
Sonra tədbir iştirakçıları şəhidlərin məzarını və onların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüb. Gün boyunca insanlar axın-axın Şəhidlər xiyabanına üz tutub, şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.