Saatlı rayonunda yerləşən “İD-Aqropark” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə mediatur təşkil edilib.
Aqroparkla yaxından tanışlıq olub, həmçinin badam məhsulunun yığım prosesi izlənilib.
“İD-Aqropark” MMC-nin direktoru Xanlar Həmidov bildirib ki, əkinçilik və bağçılıq üzrə ixtisaslaşan aqropark 7000 hektar ərazini əhatə edir. Aqroparkın ümumi əkinəyararlı 6920 hektar sahəsinin 380 hektarında arpa, buğda, 15 hektarında silos qarğıdalı, 30 hektarında darı, 130 hektarında pambıq, 120 hektarında yonca əkilib. Həmçinin 316,5 hektar ərazidə badam və nar, 1 hektarda zeytun, 5 hektarda sınaq məqsədi ilə quru meyvəlik tədarükü üçün şaftalı, ərik, 3 növ gavalı bağı salınıb.
Hazırda aqroparkda badam və pambıq yığımı həyata keçirilir. Pambıq sahələrinin hər hektarından 30-35 sentner, badam bağlarından isə ümumilikdə 7 tondan çox məhsul toplanması nəzərdə tutulur. Yaxın günlərdə nar yığımına başlanacaq və hər hektara 10 ton olmaqla, ümumilikdə 2500 tondan çox məhsul əldə edilməsi planlaşdırılır. Yığılan nar daxili bazara satılmaqla yanaşı, Rusiya, Belarus və Avropa ölkələrinə ixrac ediləcək.
Eyni zamanda, aqroparkda xəsillik arpa səpini də aparılır və bu il 600 hektar ərazidə arpa və buğda əkilməsi nəzərdə tutulur. “İD-Aqropark”ın 60 hektarı pivot suvarma sistemi ilə, 570 hektarı isə damlama suvarma sistemi ilə suvarılır.
İndiyədək 21,7 milyon manat investisiya yatırılmış “İD-Aqropark” MMC-də 157 nəfər daimi, 300 nəfər isə mövsümi işlə təmin edilib.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilən aqroparkda 21 ədəd texnika və 50-dən çox aqreqat mövcuddur.
Qeyd edək ki, ölkədə mövcud olan aqroparkların idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyidir. Agentlik sənaye parkları və məhəllələrinin, eləcə də aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə yaradılıb.
Hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
İndiyədək aqroparklara 1,4 milyard manat özəl investisiya qoyulub. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə dövlət tərəfindən digər dəstək tədbirləri də görülür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.
Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4500-dək işçi daimi, 5500-dən çox işçi isə mövsümi işlərlə təmin olunub. Gələcəkdə əlavə olaraq 4700-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.