Saatlıda ilk dəfə olaraq mikrobioloji (biobakterioloji) gübrələrdən istifadə etməklə əkinə yararsız torpaqlar münbitləşdirilərək yüksək məhsul yetişdirilib. Mikrobioloji gübrələrdən daha geniş sahələrdə istifadə edilməsi üçün tarla görüşü təşkil olunub. Qazanılan nəticələr alim, mütəxəssis və fermerlər tərəfindən birlikdə müzakirə edilib.
Şoran torpaqlar əkin üçün əlverişsiz sayıldığına görə adətən istifadəsiz qalır. Lakin Saatlıda elmi əsaslara söykənməklə aparılan becərmə işləri və mikrobioloji gübrələrdən istifadə mənzərəni qısa vaxtda dəyişib. Belə ki, Saatlının Azadakənd kəndi ərazisində əkinə yararsız torpaqların münbitləşdirilməsində uğurlu nəticələr əldə olunub. 4-5 il öncə bu torpaqlarda ilk dəfə əkin aparılıb. Həmin vaxt 3 sentner məhsul verən torpaqdan, hazırda 50-60 sentner məhsul gözlənilir.
Təsərrüfat direktoru İqbal Əliyev bildirib ki, bu sahələrdə əkinə başlanılan zaman əvvəlcə üzvi gübrələrdən istifadə olunub. Məhsuldarlıq isə hektara 10-15 sentnerdən yuxarı deyildi. Çünki torpaqlar şoran idi və əkinə yararsız hesab edilirdi. Lakin sonradan mikrobioloji gübrələr tətbiq olunmağa başlandı və bu, öz müsbət təsirini qısa zamanda göstərdi. Nəticədə əkin sahələri münbit torpaqlara çevrildi. “Bu il zəmilərdən 60-70 sentner məhsul gözlənilir. Üç ildir ki, biobakterioloji gübrədən istifadə edilir. Bu gübrələr mərhələli şəkildə verilir. Nəticədə torpaqlar münbitləşərək bol məhsul vermək qabiliyyətinə malik olur”, - deyə o əlavə edib.
“AgroBioEcoTech” MMC-nin elm və istehsal üzrə direktor müavini Elmar Əlizadə isə qeyd edib ki, torpağın humus qatının münbitləşməyində bu gübrələr mühüm rola malikdir. Bakteriyalar, xüsusi göbələklərdən ibarət olan kompleks birləşmələr torpağa düşdükdən sonra həm patogen mikroflora ilə mübarizə aparmağa başlayır, həm də torpaqda olan bitki qalıqları və həşəratlarla qidalanaraq ferment ifraz edir. Nəticədə torpağın humus qatı yüksək səviyyəyə çatır. Bu proses 5 il davam etdikdən sonra torpaq qatı iqlim şəraitinə uyğun maksimal potensial qüvvəyə malik olur. Texnologiya 5 il tətbiq edildikdən sonra isə bir il fasilə verilə bilər və növbəti ildən tətbiqin davam etdirilməsi məqsədəuyğundur.
Bu yolla təkcə taxıl sahələrində məhsuldarlığı 100-120 sentnerə çatdırmaq mümkündür. Mikrobioloji gübrələrdən istifadə dünyada yeni deyil, amma Azərbaycanda tətbiqinə son illərdə başlanılıb. Saatlıda tətbiq olunan bu texnologiya nəticəsində hazırda sahələrdə bitki sıxlığı qeydə alınır. Mikrobioloji gübrələri təkcə taxıl və arpa üçün deyil, digər meyvə-tərəvəz, bostan bitkiləri və s. üçün də istifadə etmək mümkündür.
Elmar Əlizadə onu da vurğulayıb ki, ölkə ərazisində 90 min hektar sahədə müşahidələr aparılıb və həmin sahələrdə yerli iqlim şəraitinə, torpaq qatına uyğun olaraq mikrobioloji gübrələrin sınağı nəzərdə tutulub.
Təsərrüfatın təsisçisi Rasim Bəxşinin sözlərinə görə, təsərrüfat 2010-cu ildə yaradılıb. Əsas məqsədi boş qalan torpaqları əkinəyararlı sahələrə çevirmək olub. Bunun üçün əkin işləri elmi əsaslara söykənən prinsiplə yerinə yetirilib. Qısa zamanda üzvi və ənənəvi gübrələrlə yanaşı, həm də bioloji və bakterioloji gübrələrdən istifadə edilməklə torpaqlar münbitləşdirilib. “Təcrübə aparılan sahədə ilk dəfə 2016-cı ildə əkinə başlanılıb və göstərici cəmi 4 sentner olub. Lakin indi nəticə göz qabağındadır. Hazırda əsas məqsəd tam orqanik becərmə üsuluna keçməkdir. Təsərrüfatda bu gübrələrdən taxıl ilə yanaşı, digər bitkilərin də becərilməsi üçün istifadə edilir. Bu gübrələr qarğıdalı, pambıq, yonca, sorqo sahələrində də yaxşı nəticə verir. Eyni zamanda, sınaq təcrübə sahələrində darı, amarant, kinoa kimi yeni bitkilər əkilir ki, həmin sahələrdə də biobakterioloji gübrələrdən istifadə olunur. Ümumiyyətlə, son üç ilin təcrübəsi öz bəhrəsini verməkdədir. Daha az məhsuldar sahələr münbitləşib, eyni zamanda, əkinə yararsız olan 260 hektar sahə tam əkinəyararlı torpağa çevrilib, - deyə təsərrüfat təsisçisi bildirib.