Saatlıda ilk dəfə olaraq Yaponiya mənşəli pomidor əkilib. Şitillər Türkiyənin İznik üsulu və innovativ qaydaya uyğun olaraq becərilib. Artıq sahədən ilk yığım başlayıb. Ənənəvi üsuldan fərqli olaraq sahədən 3 dəfə çox məhsul yığılması nəzərdə tutulub.
İznik üsulu ilə salınan pomidor sahəsi Saatlı rayonun Qaralar kəndində yerləşir. Təsərrüfat sahibi Həbib Əhmədov bildirib ki, uzun illərdir tərəvəz bitkilərini ənənəvi üsulla becərirdilər, bu da məhsuldarlığa və bitkinin keyfiyyətinə təsir edirdi. “Kənd təsərrüfatı sahəsi isə innovativ üsullar tələb edən bir sahə olduğu üçün biz də təsərrüfatımızda yeniliklər etməyə başlamışıq. Bütün sahələrimizi damla suvarma sisteminə keçirdik, həmçinin digər müasir üsullardan istifadə edirik. Bu il isə qərara gəldik ki, pomidor sahəsində yenilik edək. Səbəb isə bu bölgədə isti hava şəraitinin məhsulları yandırmasıdır. Bu məqsədlə aqronomun məsləhətinə uyğun olaraq pomidor şitillərini çardaq üsulunda becərdik. Bu üsul Saatlıda demək olar ki, bir ilkdir. Eyni zamanda digər bir ilk Yaponiya sortu olan Pink-paradays sortundan istifadə etməyimizdir. Bu sort çox məhsuldar və keyfiyyəti ilə seçilir. Hazırda İznik üsul ilə becərdiyimiz sahədə bol məhsul yetişib. Bu üsul qarğılardan istifadə edərək hər kol üçün ayrıca kiçik çardaq düzəltməkdən ibarətdir. Üsulun bir çox müsbət tərəfləri var ki, həm bitkiləri günəş istisindən qoruyur, eyni zamanda pomidor kolu yerə sərilmədiyi üçün məhsulların əzilmək təhlükəsi də aradan qalxır".
Aqronom Murat Yurtal qeyd edib ki, bu üsul Türkiyənin Bursa İznik bölgəsində uzun illərdir istifadə olunur və çox faydalıdır. “Saatlıda ilk dəfə olaraq bu üsuldan istifadə etməyə qərara aldıq və tətbiq etdik. Şitillər mart ayının əvvəlində sahələrə köçürülüb və 1,7 hektar ərazini əhatə edir. Burada ənənəvi üsuldan fərq odur ki, pomidor şitilləri istixana şəraitində olduğu kimi düzünə şəkildə inkişaf edir. Hər hektara 25 min şitil əkilib və hər şitil üçün 2.5 metr hündürlükdə qarğılardan ibarət kiçik çardaq quraşdırılıb. Üç aydan sonra isə ilk dəfə məhsul yığımına başlanılıb. Göstəricilər onu deməyə əsas verir ki, hər hektara 100 ton məhsul toplamaq şərti ilə sentyabr ayına qədər məhsul yığmaq mümkün olacaq. Bu üsulun ənənəvi üsula nisbətən fərqi məhsuldarlığın üç dəfə çox olmasıdır. Eyni zamanda, şitillər üzərində yetişən məhsul yerlə təması olmadığı üçün daha keyfiyyətli və təmiz qalır. Bundan başqa, Muğan bölgəsi isti iqlimə malik olduğu üçün bu üsulla şitillərin yarpaqları bitkilər üçün kölgə olaraq mühafizə rolunu oynayır", - deyə aqronom vurğulayıb.