Saatlının Mircəlal və Soltanabad kəndlərinin sakinləri bu qışı da mavi yanacaqsız keçirirlər. Soyuq aylarda evləri isitmək üçün odundan istifadə edən sakinlər çətinliklə bərabər, həm də əlavə məsrəflə qarşılaşırlar.
Uzun illərdir qış fəslini odun-ocaqla keçirən Mircəlal kəndinin sakinləri bu il də xeyli xərcə düşüblər. Bunu elə kəndə daxil olarkən qarşılaşdığımız mənzərədən, bacalardan çıxan tüstüdən də görmək olur. Kənd sakini Elşad Həşimov deyir ki, qaz xəttinin çəkilməsi ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib, lakin hələ də müsbət nəticə yoxdur. Onun sözlərinə görə, 3 aylıq qış fəslində evi isitmək hər sakinə min manata başa gəlir. Çarəsiz qalan sakinlər həyət-bacada meyvə ağaclarını kəsməyə, ya da elektrik enerjisindən istifadə etməyə məcbur qalırlar. Ağacların kəsilməsi yaşıllıqların məhvinə, elektrik enerjisindən istifadə isə xətlərin həddən artıq yüklənməsinə, transformatorların sıradan çıxmasına səbəb olur.
Kəndin digər sakini Şahin Vəliyev də həmyerlisi ilə eyni fikirdədir. Bildirir ki, kənddə 500 təsərrüfat var və hər kəs mavi yanacaq sarıdan çətinlik çəkir. Axırıncı dəfə kənddə 1993-cü ildə qaz olub. Elə həmin il kəsilən qaz sakinlərin gözünü nə az-nə çox, düz 30 il yolda qoyub və məsələ bu günə kimi öz həllini tapmayıb.
Həyət-bacada meyvə ağacının qalmadığını deyən kənd sakini Yolçu Fərəcov isə bildirir ki, Mircəlal və Soltanabad kəndlərinin yaxınlığından qaz kəməri keçməsinə baxmayaraq, bu iki kəndə xətt çəkilməyib. Hər dəfə qış gələndə sakinlərin qara günləri başlayır.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev müxbirimizin sorğusuna cavab olaraq bildirib ki, Saatlı rayonunda əhalinin mavi yanacaqla təmin edilməsi istiqamətində nəzərdə tutulan işlərin 83,8 faizi başa çatıb və işlər mərhələli şəkildə davam etdirilir. Cari ildə rayonun Naharlı kəndinə təbii qazın verilişi nəzərdə tutulub və həmin kənddən sonra növbəti mərhələdə Mircəlal və Soltanabad kəndlərinə qaz xətlərinin çəkilməsi planlaşdırılır.