Şəhid olmağım barədə xəbər yayılmışdı. Yüzlərlə adam evimizə gedərək ata-anama başsağlığı verir, səbir diləyirdilər. Mən isə hər şeydən xəbərsiz döyüş meydanında idim.
Vətən müharibəsi qazisi Xəyal Əkbərov ötən ilin payızında baş verənləri xatırlayaraq deyir: “Oktyabrın 1-də atamın ad günü idi. İmkan tapıb onu təbrik etmək istədim. Atam telefonu götürəndə mənim səsimi eşidən kimi özünü saxlaya bilməyib ağladı. Telefonu anama verdi, anam da səsimi eşidib ağladı. Sonra qardaşımla danışanda o mənə dedi ki, sənin şəhid olmağın barədə xəbər yayılıb. Neçə gündür həyət-bacamız gəlib-gedənlərlə doludur”.
Bunlar hansısa bədii əsərdən parçalar və ya hansısa serialdan fraqmentlər deyil, gerçək olmuş əhvalatdır...
Xəyal Əlihüseyn oğlu Əkbərov Saatlı rayonunda doğulub. 2016-cı ilin aprelində hərbi xidmətdə olarkən Aprel döyüşlərində Tərtər hərbi hissəsinin tərkibində Ağdərənin Seysulan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.
“Oktyabrın 9-da Füzuli rayonunun Qaraxanbəyli kəndində çox döyüş əməliyyatına girdik. Həmin əməliyyatda 6 əsgər bizim yanımızda şəhid oldu. Ümumiyyətlə, həmin gün xeyli itki verdik. Çox ağır və gərgin döyüş gedirdi. Özüm də hiss elədim ki, bu döyüşdən salamat çıxmaq mümkün olmayacaq. Elə də oldu. Güllələrdən biri ürək nahiyəsi tərəfdən, digər biri isə oynağımdan dəymişdi. Çiynimdən çox ağır yara almışdım. 3,2 litr qan itirmişdim. Kliniki ölüm keçirdiyimdən nələr baş verdiyini tam təfsilatı ilə xatırlamıram. Ayılandan sonra bir neçə metr süründüm. Sonra əsgər yoldaşlarım məni təhlükəli zonadan uzaqlaşdırdılar”, - deyə Xəyal yaralandığı günü yada salır.
26 yaşlı Vətən müdafiəçisi yaralanandan sonra aldığı müalicə prosedurları barədə də danışıb: “Əvvəlcə Füzulidə, sonra Yevlaxda, Kürdəmirdə, Göygöldə, daha sonra Şəmkirdə və Gəncədə müalicə olundum. Bir müddət Buzovnada reabilitasiya kursu keçdim. Türkiyədə əməliyyat olundum, qoluma protez qoyulub, əvvəlki ilə müqayisədə indi xeyli irəliləyiş var. Qolumu yuxarı qaldıra bilməsəm də, hərəkət etdirə bilirəm. Növbəti müalicə kursu keçmək üçün dekabrın axırlarında yenidən Türkiyəyə getməliyəm.
“Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Vətən müharibəsi qazisi keçdiyi döyüş yolları barədə danışmır, təvazökarcasına susur. “Biz ona görə döyüşə atılmamışdıq ki, qayıdandan sonra xatirə danışaq, özümüzü qəhrəman kimi təqdim edək. Şəxsən mən sağ qalmaq haqqında qətiyyən düşünmürdüm. Bu Vətən, bu torpaq, bu yurd uğrunda heç nəyi əsirgəmədən qurban verməyə hazır idim. Əlbəttə ki, başlıca məqsəd uzun illər düşmən işğalı altında olan yurd yerlərini, doğma torpaqların azad edilməsi idi, ona da nail olunub. Zəfər yaşamaq, qalib ordunun əsgəri olmaq böyük şərəfdir. Təkcə bu hiss mənə bəs edir”,- deyə Xəyal susqunluğunun səbəbini açıqlayır.
O, yaralanmış döyüşçülərin sağlamlığına göstərilən diqqət və qayğıya görə “YAŞAT” Fonduna da təşəkkür edir: “İki ay əvvəl Fondun hesabına Türkiyədə müalicələr aldım. İndi növbəti müalicə üçün getməyə hazırlaşıram. Ümid edirəm ki, normal fəaliyyətə qayıtmaqda həmin müalicələrin böyük köməyi olacaq”.