Martın 1-də YARAT Müasir İncəsənət Məkanı tanınmış gənc rəssamların əsərlərindən ibarət “İncə müşahidələr” səyyar qrup sərgisini Saatlıda təqdim edəcək.
Sərgi öz ilham mənbəyini gündəlik həyatın poetikasından götürüb. Əsas ideya rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Hədsiz informasiya "dumanının" içində yoldan azmaq və vacib məsələlərin izini itirmək mümkündür. Sərgi, periferik ola bilən, lakin diqqət yetirilməsi bəlkə də mühüm sayılan və ilk baxışdan bəsit görünən anları vurğulayır. Sadə bir günü dəyərləndirmək üçün ətrafı və hadisələri incəliklə müşahidə etmək kifayətdir. Rəssamlar adətən bizim nəzərimizdən qaçırdığımız və diqqət etmədiyimiz mövzuları qabardan hesab olunurlar. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər. Gündəliyin müvəqqətiliyi kontekstində, sərgi müşahidə, refleksiya etmək və yaxşılığa doğru dəyişmək üçün humanist yanaşmanı təklif edir.
Fotoqraf Dadaş Adna öz əsərlərində sadəliyin poetikasını - insanların və onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır.
Oxşar üsul ilə "Bəs birdən" videoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir: o, meqapolis və kənd həyatından olan kadrları müqayisə edərək, mövcud və paralel reallığı araşdırır. Rəssam videolarda, bəs birdən onun ailəsi şəhərə üz tutmasaydı həyatının necə fərqli ola biləcəyini düşünür.
Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində də yaxından müşahidə olunur: bir-birinə uyğun gəlməyən rənglər, yeri dəyişdirilmiş obyektlər və bayağılıq ən gözlənilməz şəkildə görünür.
Ramal Kazımın əsərlərində təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilir. Rəssam sadə görünən insan emosiyalarının və hisslərinin mürəkkəbliyini qrotesk, güclü hisslər oyatmaq üçün çox qabarıq formada göstərir. Nadir Eminovun "Okey, bumer" instalyasiyası postmodern cəmiyyətə və onun mübarizə mexanizmlərinə bir ironiyadır. Rəssam KİV-in insan qavrayışına necə təsir etdiyini və əksəriyyət üçün aldadıcı fikir yaratdığını müşahidə edir. Sanki həyat ekranın o biri tərəfindən güdülür, burada sənətçi reallıq və idrak arasındakı qaçış və uçuruma işarə edərək, tənha və əzmkar bir atmosfer yaradır.
Sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri də əks edir. Rəssam Soltan Soltanlı öz əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.
Elə şeylər var ki, universal olaraq düşünmək üçün xoşagəlməz hesab olunur, məsələn, tanıdığımız və sevdiyimiz hər kəsin gec-tez bu dünyadan köçməyin həqiqəti. Bu həqiqətlər həmişə var, lakin insanlar adətən onları qovmağa çalışırlar.
Habib Saherin "Qodonu gözləyərkən" instalyasiyası itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir.
Rəssam Rəşad Babayevin "Dərviş" əsəri isə məkan və zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir. Mistik sufi ənənələri ilə əlaqəli olan asketizm ilə dərviş gələcək nəsillərə müdriklik xəbəri verir. Rəssam bugünkü regional mədəniyyətin formalaşmasında mədəni və dini köklərin gücünü işıqlandırır.
Ekspozisiyaya YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamlara məxsus müxtəlif medialarla yaradılmış əsərlər daxildir.
Ənənəvi olaraq, sərgi əsasında YARAT heyəti və rəssamlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində müasir incəsənət sahəsinə dair mühazirələr və ustad dərslərində iştirak etmək mümkün olacaq.
Sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə həyata keçirilir.