Payızlıq əkinlərin başlaması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə informasiya kampaniyası davam edir. “100 kənddə 100 təlim” adı altında keçirilən növbəti interaktiv səyyar təlim Saatlı rayonunda təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, rayonun Dədə Qorqud, Mircəlal, Qara Nuru kəndlərində açıq havada keçirilən təlimlərdə fermerlərə payızlıq əkinlər zamanı aqrotexniki tədbirlərin düzgün təşkili barədə məlumat verilib. Maarifləndirmə sessiyaları zamanı Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri fermerlərə bol və keyfiyyətli məhsul əldə etmək üçün zəruri olan aqrotexniki tədbirlər, taxıl əkininin texnoloji xəritəsi, aqrotexniki tədbirlərin ardıcıllığı, səpin və gübrə norması, aqrokimyəvi analizin fermerlərə verdiyi üstünlüklər, sertifikatlı toxumdan istifadənin məhsuldarlığı müsbət təsiri, növbəli əkin sistemi, taxıl sahələrində xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı mübarizənin təşkili və digər aktual mövzularda məlumatlar verib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, layihə çərçivəsində 35 min fermerin təlimlərə cəlb olunması nəzərdə tutulur. Təlimlər 18 rayon üzrə seçilmiş 100 kənddə keçiriləcək.