Regional mədəniyyət idarələrinin (RMİ) tabeliyindəki müəssisələrdə 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunub.
Tədbirlərdə 20 Yanvarın Azərbaycanın yeni tarixində yeri, 1990-cı ilin yanvarında baş verən hadisələrin xalqımızın milli özünüdərkində və milli istiqlal yolunda rolu vurğulanıb, sovet hərb maşınının həmin günlərdə dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən ətraflı söz açılıb.
Sabirabad Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N.Gəncəvi adına 5 nömrəli şəhər tam orta məktəbində “20 Yanvar şagirdlərin gözü ilə” adlı rəsm sərgisi təşkil edilib. Qeyd olunub ki, sərginin məqsədi 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, onların şücaətlərini yeni nəsillərə çatdırmaqdır. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyiblər, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Şirvan şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə B.Aslanov adına 16 nömrəli tam orta məktəbdə keçirilən “Şəhidlər vüqarımız, qürurumuzdur!” mövzusunda tarix dərsində 20 Yanvar haqqında sənədli film göstərilib. Şəhər Mədəniyyət Mərkəzində isə rejissor-ssenarist Firuzəxanım Abbasovanın hazırladığı “Qana dönən qərənfillər” adlı tamaşa nümayiş olunub. Səhnə əsərində sovet ordusunun Bakıda törətdiyi qətliam və buna zəmin yaradan hadisələr əks olunub.
Saatlı Dövlət Rəsm Qalereyasında təşkil olunan anım tədbirində “20 Yanvar qan yaddaşımızdır!” adlı rəsm sərgisi nümayiş etdirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıtın Tarixi Muzeyi və şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Qara Yanvar”ın 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Qeyd olunub ki, bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Çıxışlardan sonra qonaqlar faciə qurbanlarının muzeyin fondunda mühafizə olunan fotoşəkillər və rəsm sərgisinə baxıblar.
Sumqayıt MKS S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 5 nömrəli orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Şəhid anılar, Vətən tanınar” adlı tədbir təşkil edib.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ Rayon Mədəniyyət Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Çıxışlarda Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ümummilli Lider 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb. Məhz Heydər Əliyevin iradəsi ilə 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini alıb.
Şamaxı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şagirdlərin ifasında kompozisiya nümayiş olunub.
Şəki Regional Mədəniyyət İdarəsinin Şəki Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 1990-cı ilin 20 yanvarında sovet ordusunun xalqımıza qarşı təcavüzündən söz açılıb. M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində çıxış edənlər də həmin məşum gecədə baş verənlər haqqında danışıblar. 20 Yanvar hadisələrini əks etdirən videomaterial nümayiş olunub.
Qax rayon MKS-nin Ağçay kənd kitabxanasında “Həm hüzn, həm də qürur günümüz” adlı tədbir təşkil olunub. Çıxışlarda 20 Yanvarın Azərbaycan xalqının tarixində, sadəcə, acı ilə xatırlanacaq bir gün kimi deyil, eyni zamanda xalqımızın şan və şərəf günü olduğu vurğulanıb. Sonda tədbir iştirakçıları “Azadlığa gedən yolun zirvəsi” adlı filmi izləyiblər.
Oğuz Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın qəhrəmanlıq və qürur günü” başlığı altında keçirilən tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx və “Qan yaddaşımız” adlı sərgi nümayiş olunub.
Ağcabədi RMİ-in Ağcabədi rayon Hüsülü kənd Uşaq musiqi məktəbində keçirilən anım tədbirində çıxış edənlər Vətən övladlarının əliqanlı sovet ordusunun qarşısında mətin dayanması, milli azadlıq və suverenlik uğrunda canından keçməyə hazır olduqlarını sübuta yetirdiklərini diqqətə çatdırıblar.
Ağdam Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
Biləsuvar RMİ-in Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib. Əvvəlcə gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış olub. Çıxış edənlər faciənin başvermə səbəbləri, xalqımızın milli ruh və mübarizə əzmindən, Ulu öndər Heydər Əliyevin hadisələrə siyasi-hüquqi qiymət verməsindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki Qələbədə gənclərin qəhrəmanlığından söz açıblar. Sonda “Qanları ilə azadlıq dastanı yazanlar” adlı videoçarx nümayiş etdirilib.
Ağdaş RMİ-in Zərdab Rayon Heydər Əliyev Mərkəzi və GİKM Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir” mövzusunda tədbir keçirilib.
Ağstafa RMİ-in Ağstafa Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər 1990-cı ilin 20 yanvarının həm hüzn günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu diqqətə çatdırıblar.
Qazax Rayon Mərkəzi Kitabxanasında təşkil edilən tədbirdə “Qanları ilə azadlıq dastanı yazanlar – 20 Yanvar şəhidləri” adlı videoçarx nümayiş olunub.
Qazax Dövlət Rəsm Qalereyasında keçirilən anım tədbirində isə dərnək üzvlərinin mövzu ilə bağlı rəsm əsərləri nümayiş etdirilib.
Kürdəmir RMİ-in Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə vurğulanıb ki, sovet rejimi 20 Yanvarda xalqımızın iradəsini qanla boğmağa çalışsa da, azadlıq və suverenlik uğrunda mübarizənin yeni mərhələyə keçməsi o zaman SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət alıb.
Gəncə RMİ-in Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialı “Qan yaddaşımız” adlı tədbir keçirib. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Qara Yanvar”a həsr olunan rəsm və “Hüzn və şərəf günü” adlı kitab sərgiləri nümayiş olunub.
Goranboy Rayon Mədəniyyət Mərkəzində “Zəfərimizin ilk qaranquşları” adlı konfrans keçirilib. “20 Yanvar – qan yaddaşı” adlı videoçarx nümayiş olunub. Tədbir iştirakçıları “Milli iradəmizin zəfər çaldığı gün!” başlıqlı kitab və rəsm sərgisi ilə tanış olublar.
Regional idarənin tabeliyindəki digər mədəniyyət müəssisələrində də 20 Yanvara həsr olunan anım tədbirləri təşkil edilib.
Masallı RMİ-in Masallı Rayon Mərkəzi Kitabxanasında “20 Yanvar – Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Azərbaycan xalqı bu mübarizədə qəhrəmanlıq göstərmiş oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir və xatirəsini hər zaman uca tutur.
Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində “Qisas” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevin quruluş verdiyi səhnə işində Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
Yardımlı Rayon Mərkəzi Kitabxanasında şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən anım tədbirində 20 Yanvar faciəsini əks etdirən fotostend və kitab sərgisi nümayiş etdirilib.
Cəlilabad Dövlət Rəsm Qalereyası və 4 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə sərgi keçirilib. Sərgidə şəhər 1, 2, 7 və 8 saylı məktəblərdən şagirdlərin əl işləri təqdim olunub.
Xaçmaz RMİ-in Xaçmaz Rayon Mərkəzi Kitabxanasının oxu zalında təşkil olunan “İstiqlal tariximizin şəhidlik zirvəsi” adlı anım tədbirində kitabxananın fəal oxucuları 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Quba Rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzi Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Qanlı Yanvar” filmi nümayiş olunub, qonaqlar sərgiyə baxıblar.
Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” adlı rəsm və kitab sərgisi keçirilib.