Saatlı Rayon İcra Hakimiyyəti, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Saatlı Rayon Dövlət Rəsm Qalereyasının inzibati binasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin və digər təşkilatların məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, müharibə iştirakçıları və məktəblilər iştirak ediblər.
Tədbir torpaqlarımızın ərazi bütövlüyü və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəyirmi masa zamanı 27 Sentyabr - Anım Gününün tarixi əhəmiyyətindən, Vətən müharibəsinin başlanmasından Zəfərə aparan şərəfli yoldan, Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, torpaqlarımızın azadlığı uğrunda şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.
Tədbirdə çıxış edənlər 27 Sentyabr - Anım Gününün tarixi əhəmiyyətinə toxunaraq Vətən müharibəsinin ilk günlərində yaşanan ağır və kövrək anlardan, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, şəhidlərimizin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan söz açıblar. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin, onların şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılmasının və gənclərdə Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları həmin tarixi günlərlə bağlı xatirələrini bölüşərək yaşadıqları ağrılı və qürurverici anlardan bəhs ediblər.
Tədbirin sonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və iştirakçılar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.