Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Saatlı və Sabirabad rayonlarında səfərdə olmuşdur.
Əvvəlcə Saatlıya gələn dövlətimizin başçısı şəhərin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Prezidentə park barədə məlumat verildi. Bildirildi ki, sahəsi 5,6 hektar olan parkın ərazisində milli memarlıq üslubunda tikilmiş Heydər Əliyev Muzeyi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binası, rəsm qalereyası yerləşir. Burada 15 metr hündürlükdə ölkəmizin dövlət bayrağı dalğalanır, genişekranlı monitor qoyulmuş, uşaq əyləncə və istirahət mərkəzi yaradılmış, yaraşıqlı fəvvarə inşa edilmişdir.
Müxtəlif xidmət obyektləri olan parkda əhalinin istirahəti üçün guşələr yaradılmış, rahat oturacaqlar qoyulmuş, dekorativ ağaclar, gül-çiçək əkilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur. Parkdakı xidmət işlərinə 35 nəfər daimi işə cəlb olunmuşdur.