Elm və təhsil

"8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş inşa-yazı və rəsm müsabiqələri keçirilib

Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Saatlı rayonu üzrə Təhsil sektorunun, “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin və Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin tərəfdaşlığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar məktəblilər arasında 1 - 6 noyabr tarixlərində inşa-yazı, 29 oktyabr - 5 noyabr tarixlərində isə “Bütöv Azərbaycan gənclərin gözü ilə” rəsm müsbiqəsi keçirilib.

Noyabrın 7-də rayon icra hakimiyyətində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi düzənlənib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iştirak və çıxış edib. O, tədbir iştirakşılarını salamlayaraq bu günlərdə hər bir azərbaycanlının tarixi anlar yaşadığını diqqətə çatdırıb. 44-günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və igid oğullarımızın şücaəti sayəsində böyük Qələbəyə nail olunduğunu qeyd edən Elmir Bağırov, bu Zəfərin Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldığını bəyan edib: “Biz bu qələbəyə görə şəhidlərə, qazilərə, Vətənin qəhrəman oğullarına borcluyuq. Və onları hər zaman vətəndaşlıq borcu olaraq yaşatmalıyıq, əlbəttə, öz yazılarımızda, rəsmlərimizdə...”

İcra başçısı, eyni zamanda 8 Noyabr - Zəfər Günü  ilə əlaqədar  təşkil olunmuş inşa-yazı və rəsm müsabiqələrinin qaliblərini də təbrik edərək onlara uğurlar arzulayıb, təşkilatçılara öz təşəkkürünü bildirib.

Daha sonra müsabiqə qaliblərinin mükafatlandırılması olub. İcra başçısı Elmir Bağırov tərəfindən qaliblərə rayon icra hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, inşa-yazı müsabiqəsi üzrə Zülfüqarov Rövşən Röyal oğlu I, Məhərrəmova Zəhra İxtiyar qızı və Əzizli Zəhra Elşad qızı isə müvafiq olaraq II və III yerin sahibi olublar. Rəsm müsabiqəsində isə ardıcıllıq bu cür olub: Kazımlı Xədicə Qismət qızı I, Zeynalzadə Adil Vüqar oğlu II və Yolçuzadə Röya Zamiq qızı III yer.