Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov İmişli rayonunda vətəndaşlarla görüşüb.
İmişli rayonu “6 №-li Magistral Yolların İstismarı” MMC-nin inzibati binasında keçirilən görüşdə İmişli, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Görüşdə hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.