Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, millət vəkili Qənirə Paşayeva və bir sıra QHT rəhbərləri regionlarda yaşayan şəhid ailələrinə ziyarəti davam etdirir.
AQSİA-dan bildiriblər ki, səfər çərçivəsində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ilə Saatlıdakı şəhid və qazi ailələri haqqında danışıqlar aparılıb.
Saatlı rayonundan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə şəhid Səfərov Oktay Əhməd oğlunun bacısı Günel Rəsulova Əhməd qızı tərəfindən müraciət daxil olub. Müraciətə əsasən, Günel Rəsulovanın məşğulluğunun təmin olunması üçün AQSİA-nın sədri Səkinə Babayeva tərəfindən lazım olan bütün avadanlıqlar alınıb, Saatlı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Günel Rəsulovaya təqdim edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Günel Səfərova hazırda arzuladığı sahə üzrə peşə bacarıqlarına yiyələnir.
Bundan əlavə olaraq, AQSİA və Avrasiya Araşdırmalar Mərkəzinin birgə təşəbbüsü ilə rayonda yaşayan 100-dən çox şəhid, qazi və aztəminatlı ailələrə sovqat paylanılıb.