Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova mayın 25-də Saatlıda vətəndaşlarla görüşüb.
Qəbuldan öncə AQUPDK-nın sədri Bahar Muradova və rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Saatlı ilə yanaşı, İmişli və Sabirabad rayonundan olan sakinlər də iştirak ediblər. Görüş zamanı hər bir vətəndaşın müraciət və istəyi diqqətlə dinlənilib. Qəbula gələn vətəndaşlar tərəfindən əsasən uşaqla ünsiyyət, məişət zorakılığı, məşğulluq, əlilliyin təyin olunması və sair barədə müraciətlər olunub.
Müraciətlərin bir qismi yerindəcə həll edilib. Araşdırılmağa ehtiyacı olan bir sıra müraciətlər isə qeydiyyata alınıb və onların operativ həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitə və göstərilən diqqətə görə razılıqlarını bildiriblər.