Məqalələr

Azərbaycan xalqı Qurtuluş savaşı aparıb

Azərbaycan xalqı Qurtuluş savaşı aparıb

Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 avqust 2021-ci il tarixində Türkiyənin “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə 2-ci Qarabağ müharibəsinin başlanmasının səbəblərini, müharibənin 44 gün ərzində Zəfərlə başa çatmasında Müzəffər Azərbaycan Ordusunun XXI əsrin müasir müharibəsində qazandığı uğurlu döyüşlərin salnamələrini yaratdığını, 44 gün ərzində aparılan müharibənin Ədalətli müharibə olduğunu, post-müharibə dövründə 30 illik erməni işğalı zamanı dağıdılmış, məhv edilmiş, xarabazarlığa çevrilmiş, yurd və yuvalarımızın bərpası işlərinin planlı şəkildə aparılmasının başlandığını, post-müharibə dövründə getdikcə artan erməni faşizminin revanşist cəhdlərinin dərhal qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun daha da modernləşdirilməsi üçün ən müasir elektron-lazer silahlarla təmin edilməsi məsələsinin həll edildiyini, Azərbaycanın Sülh Müqaviləsini bağlamağa hazır olduğunu, Ermənistanın isə buna susmasının bu dövlətin necə idarə edildiyini və öz ölkələrinin yenidən fəlakətə doğru sürükləndiyini mesajının verilməsi, Azərbaycanla Ermənistan arasında sərhədlərin əvvəlcə beynəlxalq səviyyədə delimitasiyası, sonra isə demarkasiyasının müəyyənləşdirilməsinin vacibliyini və bir çox məsələlərin ədalətli həllinin çox aydın, həm də sadə və alternativsiz izahını vermişdir.

Cənab Prezidentin müsahibəsində ən əsas məsələlərdən biri Azərbaycan - Türkiyə qardaşlığına və dostluğuna Prezidentimiz tərəfindən verilən qiymət və dəyərdir. Bu dəyər və qiymətlər eyni zamanda tamamilə Cənab Prezidentlə Azərbaycan xalqının birliyinin təcəssümüdür!

Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalçı ordusunun tapdağı altında qalmaqda davam edirdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı ordusunun Azərbaycan torpaqlarından qeyd şərtsiz və dərhal çıxmasını tələb edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, problemin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkələri: ABŞ, Rusiya və Fransa dövlətləri məsələyə ikili standartlara yanaşaraq, işğala məruz qalanla işğalçıya eyni yanaşma göstərərək problemi həll etmək istəmirdilər. Bu azmış kimi işğalçı Ermənistanın keçmiş müdafiə naziri David Tonayan Azərbaycanı təhdid edərək, “yeni müharibələrlə, yeni ərazilər işğal edəcəklərini” heç nədən, heç kimdən çəkinmədən elan edərək, ən azı Azərbaycanı işğalla barışmağa məcbur etmək istəyirdilər. Ermənistanın təcavüzkar siyasətini cilovlamaq üçün BMT-nin Təhlükəsizlik Şurası və ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkələri: ABŞ, Rusiya və Fransa dövlətləri Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə, Ermənistanı gizli və açıq şəkildə silahlandırmaqda davam edirdilər. Bir çox hallarda bu silahlar Ermənistana təmannasız verilirdi, hədiyyə edilirdi.

İşğal hərisliyi, Beynəlxalq qanunların Ermənistana qarşı işləməməsi, qeyd edilmiş ikili standartlar Ermənistanın işğal planına yaşıl işıq yandırırdı. Erməni təxribatı dayanmaq bilmirdi, hər gün atəşkəs pozulur, əsgər və zabitlərimiz şəhid edilirdi. Bunun ən pik səviyyəsi 2020-ci  ilin iyul ayında baş vermiş Tovuz müharibəsi oldu. Generalımız Polad  Həşimov, Polkovnikimiz İlqar Mirzəyev, zabitlərimiz və əsgərlərimiz şəhid edildilər. Daha sonra həmin ilin avqust ayından başlayan növbəti erməni təxribatları Azərbaycan xalqının səbr kasasını daşdıraraq, 27 sentyabr 2020-ci il tarixdə müqəddəs Vətən müharibəsinin başlanmasına gətirib çıxardı. Vətən müharibəsinin başlanmasının ilk günündən Türk dövləti, onun Azərbaycanı sevən Prezidenti hörmətli cənab Rəcəb Ərdoğanın Azərbaycana verdiyi mənəvi və siyasi dəstək Qurtuluş savaşının Zəfərlə başa çatmasına səbəb oldu. Cənab Rəcəb Ərdoğan çox aydın və qəti şəkildə bəyan etdi: “Üçüncü tərəf bu savaşa müdaxilə etsə, qarşısında Türkiyəni, türk əsgərini görəcək”. Ən böyük yük Azərbaycan Ordusunun, onun Qəhrəman əsgərlərinin, zabitlərinin və generallarının çiyinlərinə düşdü. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən “Dəmir Yumruq” hərbi əməliyyatları nəticəsində Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində Tarixi Qələbəni qazandı, Azərbaycan Ordusu TARİXİ ZƏFƏR qazandı! BMT-ninTəhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasını özü həll etdi!

Müzəffər Azərbaycan Ordusu Qurtuluş savaşında Böyük Zəfər qazanaraq, təcavüzkar Ermənistan ordusunun 80%-dən çoxunu darmadağın edərək onu kapitulyasiyaya məcbur etdi. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın imzaladığı birgə üçtərəfli Bəyanatla Ermənistan rəsmi olaraq kapitulyasiyanı qəbul etdi.

Cənab Ali Baş Komandan  İlham Əliyevin dediyi kimi müharibə bitdi! Azərbaycan ləyaqətli müharibə apardı. Müharibə zamanı Azərbaycan Ordusu bir dənə olsun belə mülki obyektləri hədəfə almadı!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev!
Yaşasın Azərbaycan xalqı!

Abbasov Arif,
Saatlı rayon V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbin direktoru.