Məqalələr

Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür

Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür

Azərbaycan beynəlxalq hüququ və ədaləti güc yolu ilə bərpa etdi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək beynəlxalq presedent yaratdı. İstər müharibənin gedişatı, istərsə də ondan sonrakı periodda baş verən hadisələr bu reallığı ortaya qoydu ki, bizim məqsədimiz erməni işğalçılığına son qoymaqla regiona sabitlik və inkişaf gətirməkdir.

Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Prezident İlham Əliyevin xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasına gətirib çıxarmışdır. Artıq əminliklə deyə bilərik ki, 44 günlük müharibənin nəticələri beynəlxalq miqyasda legitimlik qazanıb. Təbii ki, biz buna asanlıqla nail olmamışıq. Əzmlə, qətiyyətlə, səbatla, yorulmadan və dönmədən öz səylərimizi davam etdirmişik.

Cənab Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən qeyd etdi ki, "Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik".

Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Ölkəmiz haqlı tərəf olduğu kimi, həm də güclü tərəfdir. Müharibəni qələbə ilə başa vurmağımız bizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırdı. Təbii olaraq, təcrübə onu göstərir ki, qaliblərin dostları da həmişə çox olur. Və bu gün bizə dost olan ölkələrin sırasının daha da genişləndiyini müşahidə etməkdəyik. Bu isə öz növbəsində beynəlxalq mövqelərimizin möhkəmlənməsinə müsbət təsir göstərir, haqq işimizə əlavə töhfələr verir.

Ələddin Zeynalov,
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı.