Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi tərəfindən kollektorlarla Xəzər dənizinə ötən il 1555 min kubmetr minerallaşmış sel və qrunt suları axıdılıb. Axıdılan duzun miqdarı isə 7817 ton olub. İdarənin balansında olan nasoslarla 4171 min kubmetr su vurulub.
1994-cü ildə yaradılan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin əsas məqsədi Mil-Qarabağ və Muğan–Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel və məişət sularını maneəsiz, enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır. Hazırda ərazilərin şoranlaşmasının qarşısının alınması və yenidən əkinə qaytarılması istiqamətində idarə tərəfindən nasos stansiyasının tikintisi davam edir.
Ötən il 51 ədəd hidrotexniki qurğu cari və 3 ədəd hidrotexniki qurğu əsaslı təmir olunub. 199 kilometrə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kollektor-dren şəbəkəsi lildən təmizlənib. Bu işlər plana uyğun olaraq yerinə yetirilir.
Qeyd edək ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi Salyan, Sabirabad, Neftçala və Saatlı rayonlarına xidmət edir. Kollektorun ümumi uzunluğu 140 kilometrdir. Onun 22 kilometri Salyan, 63 kilometri Saatlı, 18 kilometri Sabirabad, 37 kilometri isə Neftçala rayonlarının ərazisinə düşür.