Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində fəaliyyət göstərən Bəhramtəpə Melioservis İdarəsi dəmir-beton konstruksiyalı nov istehsalı və çəkilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, həmçinin su keçidlərinin yenilənməsi üçün müxtəlif diametrli boruların istehsalı və quraşdırılması işini yerinə yetirir. Bundan başqa, idarə tərəfindən sahilbərkitmə işlərində istifadə olunan beton lövhələrin, körpü və keçidlərin əsas hissələrinin də istehsalı həyata keçirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fərhad Zamanov bildirib ki, Bəhramtəpə Melioservis İdarəsi tərəfindən son illərdə 7 min metr uzunluğunda müxtəlif ölçüdə beton nov kanal istehsal edilib və sahələrə köçürülüb, torpaq məcralı kanallar beton üzlüyə alınıb. Görülən işlər İmişli, Neftçala, Biləsuvar, Sabirabad, Füzuli rayonlarını əhatə edib. Həmçinin Saatlı rayonunda 30 metr uzunluğu olan dəmir-beton konstruksiyalı körpü, Cənub Muğan kanalı üzərində 40 metr uzunluğu olan dəmir-beton konstruksiyalı körpü, İmişli rayonunda 8 ədəd kollektor üzərində körpü inşa edilib. Biləsuvarda su nasos stansiyası da əsaslı təmir olunub. Zərdabda suvama işlərinin yaxşılaşdırılması üçün 1,3 kilometr su novları çəkilib. İmişlidə torpaq məcralı kanal beton üzlüyə alınıb və nov kanallarla təmin edilib.
Bəhramtəpə Melioservis İdarəsi suvarma və kollektor kanallarının lildən təmizlənməsi işlərini də yerinə yetirir. Cari ildə 5 min metr məsafədə kanallar lildən təmizlənib.
Qeyd edək ki, Bəhramtəpə Melioservis İdarəsinin əsas təyinatı suvarmanın keyfiyyətli təşkil olunması və kənd təsərrüfatının inkişafının təmin edilməsidir.