Ümumi

Bəhrəmtəpə Hidroqovşağı 6 rayonu suvarma suyu ilə təmin edir

Bəhrəmtəpə Hidroqovşağı 6 rayonu suvarma suyu ilə təmin edir

Ötən il Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsi tərəfindən Köhnə Cənubi Muğan kanalında 2 ədəd səviyyə qaldırıcı qurğu əsaslı təmir olunub. Bundan əlavə, birləşdirici qol kanalında əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd səviyyə qaldırıcı qurğu tikilərək istifadəyə verilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, 1958-ci ildən istifadəyə verilən Bəhrəmtəpə Hidroqovşağı hər il olduğu kimi, bu gün də əhatə etdiyi 6 rayonu suvarma suyu ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışır. Hidroqovşağa Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsi xidmət edir. İdarə İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarının 228525 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün 182 kilometr magistral kanallardan, 155 ədəd hidrotexniki qurğulardan, uzunluğu 760 metr olan dükkerdən, 75 ədəd hidrometrik postlardan və 2 ədəd baş suqəbuledicidən istifadə edir. Ötən il 49 ədəd hidrotexniki qurğu, 19 ədəd hidropost, 23 kilometr beton üzlüklü kanalın yamaclıqları hissə-hissə şərti və cari təmir olunub. Bundan başqa, 79 kilometrə yaxın magistral kanal lildən təmizlənib və hazırda da bu istiqamətdə tədbirlər davam edir.

Hazırda Qovşaqda yenidənqurma işləri çərçivəsində təmir-bərpa işləri aparılır. Suvarma müddətində su qıtlığı yaranan zaman Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC tərəfindən su ötürmə qabiliyyəti 5,1 m3/san olan üzən nasos qurulub. Həmin nasos stansiyası suyu Baş Muğan kanalına vurmaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, 2022-ci ildə yaz-tarla işlərinin görülməsi məqsədilə hazırlıq işləri aparılır. Görülən işlər nəticəsində 6 rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatı yaxşılaşacaq.