Saatlı rayonu Cəfərxan kəndində yerləşən və bir əsrdən çox yaşı olan Cəfərxan mülkü mədəniyyət işçiləri tərəfindən ziyarət olunub.
Sabirabad Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, ziyarət zamanı idarə rəisi Fərid Qurbanzadə, Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Saatlı rayon üzrə abidə mühafizəçisi Əlibala Əliyev tərəfindən Saatlı rayon Cəfərxan kəndində yerləşən Cəfərxan mülkünə baxış keçirilib. Cəfərxan mülkünün tarixi, eyni zamanda, bu ərazidə fəaliyyət göstərmiş təcrübə stansiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyində Cəfərxan kəndinin tarixinə dair bir sıra sənədlər, fotoşəkillər və sair qorunur. Daha sonra Cəfərxan kəndində yerləşən, İkinci Dünya müharibəsi dövründə əsir düşmüş alman əsirlərinin qəbiristanlığı da ziyarət olunub.
Qeyd edək ki, XVIII-XIX əsrlərdə Muğan düzündə Qılıclı türk tayfası yaşayırdı. Həmin tayfa bir neçə qollara ayrılırdı. Onlardan biri də Cəfərlilər olmuşdu. Cəfərli qolunun rəhbəri Cəfərxan idi. Cəfərxanın yaşadığı qışlaq sonradan onun adını daşıyan kəndə çevrilmişdi.