Respublikanın ən böyük pambıqçılıq rayonu olan Saatlıda çiyid səpininə hazırlıq işləri görülür.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il Saatlıda 13 min 648 hektar sahədə pambıq yetişdirmək nəzərdə tutulur. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün lazımi tədbirləri vaxtında görürlər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi 1362 məhsul istehsalçısı ilə müqavilə bağlayıb, sahələrdə qış şumu aparılaraq arata qoyulub, suvarma kanalları lildən təmizlənib. Hazırda çiyid səpiləcək sahələrdə malalama işlərinə hazırlıq görülür və bəzi ərazi nümayəndəliklərində bu işə başlanılıb. Torpaqda 15 dərəcə hərarət yaranan kimi səpinə start veriləcək.
Qeyd edək ki, ötən il Saatlıda 13 min 741 hektar pambıq sahəsindən 41 min 813 ton məhsul yığılıb. Pambıqçılar cari ildə məhsul istehsalını 43-45 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.