Birinci Qarabağ müharibəsinin iştirakçısı, rəssam Nazim Fərəcov yaradıcılığında uzun illər Qarabağ həqiqətlərinə, torpaqlarımızın işğalına, yaşayış məntəqələrinin dağıdılmasına və təbiətin məhv edilməsinə xüsusi yer verib. Bu gün isə onun əsərlərində tamamilə fərqli mənzərə Qələbə ruhu, azad Qarabağ, aparılan quruculuq işləri və Azərbaycan əsgərinin Zəfəri öz əksini tapır.
Şuşada, xüsusilə Cıdır düzündə qayaların üzərinə müxtəlif adların və yazıların həkk edilməsi ilə bağlı fikirlərini AZƏRTAC-ın bölgə müxbiri (Aydın Yavərzadə) ilə bölüşən Nazim Fərəcov bunun yolverilməz olduğunu bildirib: “Şuşa mənim üçün sadəcə gözəl bir şəhər deyil. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Müharibənin ən ağır anlarını, torpaqlarımızın işğalını, yaşayış yerlərinin dağıdılmasını, təbiətimizin necə viran edildiyini öz gözlərimlə görmüşəm. Sonrakı illərdə bütün bunlar yaradıcılığımda öz əksini tapıb. Əvvəlki əsərlərimdə daha çox işğalın ağrısını, dağıdılmış kənd və şəhərlərimizi, məhv edilmiş təbiətimizi göstərməyə çalışırdım. Çünki rəssam kimi gördüklərimi, yaşadıqlarımı və yaddaşımda qalanları gələcək nəsillərə çatdırmaq istəyirdim. Bu gün isə artıq əsərlərimdə başqa bir Qarabağ var. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra Qarabağda yeni həyat başlayıb. Azad torpaqlarımızda quruculuq və inkişaf gedir. Mən də əsərlərimdə bu Qələbə ruhunu, işıqlı gələcəyə inamı əks etdirməyə çalışıram.
Belə bir vaxtda Şuşanın Cıdır düzü kimi xüsusi əhəmiyyət daşıyan məkanında insanların qayaların üzərinə öz adlarını yazması məni çox təəssüfləndirir. Biz illərlə torpaqlarımızın dağıdılmasına, təbiətimizin məhv edilməsinə qarşı mübarizə aparmışıq. İndi isə həmin torpaqlar bizə qayıdıb və bizim əsas vəzifəmiz onları qorumaqdır. Rəssamlıqda linoqravüra ilə işləyərkən oyma vasitəsilə materialın üzərində iz buraxırsan. Amma bu iz sənət əsərinin bir hissəsi olur və müəyyən məqsəd daşıyır. Təbiətdə, xüsusilə də tarixi və mənəvi əhəmiyyət daşıyan qayaların üzərində iz buraxmaq isə tamam başqa məsələdir. Bu, sənət deyil, təbiətə müdaxilədir. Cıdır düzündəki hər bir qaya, hər bir daş Şuşanın tarixinin bir parçasıdır. İnsan öz adını həmin qayaya yazmaqla tarixə düşmür. Əksinə, gələcək nəsillərin görməli olduğu təbii mənzərəyə zərər vurur. Məncə, insanın ən gözəl izi yaratdığı yaxşılıq, gördüyü iş və Vətənə verdiyi töhfədir.
Bu gün mən əsərlərimdə Qarabağda qurulan yeni həyatı, azad torpaqlarımızın inkişafını, Azərbaycan əsgərinin Zəfərini və gənc nəslə örnək olan qəhrəmanlığını göstərməyə çalışıram. İstəyirəm ki, gələcək nəsillər də Şuşanı dağıntıların deyil, Qələbənin, quruculuğun və gözəlliyin simvolu kimi görsünlər. Ona görə də hər bir insan Şuşaya, Cıdır düzünə gələndə buranı özündən iz qoyacağı məkan kimi deyil, qoruyub gələcək nəsillərə ötürməli olduğu bir əmanət kimi qəbul etməlidir. Biz torpaqlarımızı azad etmişik, indi isə onları qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq bizim borcumuzdur”.