Cəmiyyət

Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Aprelin 17-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Sabirabaddakı Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Dövlət Xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Həmin gün 7 şəhid ailəsi və 2 müharibə veteranı olmaqla 15 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.