Cəmiyyət

Döyüşçü rəssamın müharibənin izlərindən Zəfərə doğru uzanan yaradıcılıq əsərləri

Döyüşçü rəssamın müharibənin izlərindən Zəfərə doğru uzanan yaradıcılıq əsərləri

Birinci Qarabağ müharibəsində iştirak edən rəssam Nazim Fərəcovun əsərlərində əvvəl daha çox torpaqlarımızın işğalı, yaşayış yerlərinin dağıdılması, təbiətin məhv edilməsi öz əksini tapırdısa, artıq rəssam öz əsərlərində Qələbə ruhunu, azad torpaqlarımızın inkişafını, əsgər və zabitlərimizin Zəfərini əks etdirir. Rəssam bu işlərində linoqravüraya (oyma növü) üstünlük verir.

Nazim Fərəcov 1975-ci ildə Saatlı rayonunda anadan olub. Hələ məktəb illərində istedadı ilə seçilən Nazimin əl işləri məktəb lövhələrində yer alıb. Orta məktəbi bitirdikdə Nazim Fərəcov ali təhsil almaq istəyində olsa da, Vətənin dar günündə cəbhəyə yollanmağa qərar verib. 1993-cü ildə hərbi xidmətə yollanıb, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1997-ci ilə ordu sıralarından tərxis edilən Nazim ali təhsil arzusunu gerçəkləşdirmək üçün 2000-ci ildə Ə.Əzimzadə adına rəssamlıq kollecinə qəbul olub. 2005-ci ildə Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 2010-cu ildən isə öz sənəti üzrə işləməyə başlayıb.

Nazim Fərəcov yaradıcılığında bir çox mövzuya üstünlük verir. Eyni zamanda, əl işləri də ərsəyə gətirir. Onun rəngkarlıq, heykəltaraşlıq sahəsi üzrə də bir çox əl işi var.

Yaradıcılığında vətənpərvərlik mövzusunun çox olmasını özünün Birinci Qarabağ müharibəsinin iştirakçısı olması ilə əlaqələndirən rəssam deyib: “Müharibənin ən ağır anları, amansız düşmənin xalqımıza qarşı vəhşilikləri, torpaqlarımızın işğalı, tarixi abidələrimizin, təbiətimizin viran edilməsi yaddaşımdan silinməz. Buna görə də əl işlərimdə əvvəlki illərdə belə mövzular daha çox olurdu. Lakin 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz 44 gündə tarix yazaraq bizlərə Zəfəri yaşatdı. Bu Qələbə, sevinc artıq mənim əsərlərimdə yer alır. Bax, bir rəsm əsərimdə yazılar Günəşə doğru gedir. Yəni, artıq biz Qarabağı işğaldan azad etdik, işıqlı sabahlara, inkişafa doğru gedirik. Qarabağdakı inkişaf layihələri, Azərbaycan əsgərinin gənc nəslə örnək olması rəsmdə öz əksini tapır”.

O, qrafika üzrə işlədiyi zaman linoqravüraya da üstünlük verir. “Linoqravüra qrafikanın çətin formasıdır. Yaradıcılığımda kitab illüstrasiyaları üzərində işləyirəm. Heykəltaraşlıqla və dekorativ-tətbiqi sənət növləri ilə, barelyeflərlə də məşğul oluram. Bir çox sərgidə iştirak etmişəm, xüsusilə hərbi-vətənpərvərlik mövzularında təşkil olunan sərgilərdə. Müxtəlif nailiyyətlərim də olub, nominasiyalar üzrə təltif olunmuşam”, - deyə o əlavə edib.

On beş ildir Saatlı Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam vəzifəsində çalışan Nazim Fərəcov rəssamlığın sirlərini davamçılarına da öyrədir.