Cəmiyyət

Ədliyyə naziri Sabirabadda vətəndaşlarla görüşüb

Ədliyyə naziri Sabirabadda vətəndaşlarla görüşüb

Aprelin 11-də ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Dövlətimizin başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən görüşdə hər bir vətəndaş diqqətlə dinlənilərək, müraciətləri ilə bağlı aidiyyəti tapşırıqlar verilib. Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılaraq qayğıları ilə maraqlanılıb.

Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə görüşüb.

Görüşdə nazir “Heydər Əliyev İli” çərçivəsində ədliyyə orqanlarında və məhkəmələrdə Ümummilli Liderin zəngin irsinə həsr olunan çoxşaxəli tədbirlərin keçirildiyini vurğulayıb, Ulu Öndərin ideya və amallarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatları qeyd edərək qarşıda duran vəzifələrə toxunub, müvafiq tapşırıq və tövsiyələr verib.