Cəmiyyət

"Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində İmişlidə tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) əməkdaşlığı ilə birgə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İmişli rayonunda tədbir keçirilib.

Tədbir İmişli şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub.

“Güclü cəmiyyətin zərif simaları” adlı layihənin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2024-cü ildən etibarən həyata keçirildiyi və ötən il 10 rayonda təşkil olunduğu bildirilib. Bu il isə İmişlidən start götürən növbəti tədbirlərin isə Saatlı, Göyçay, Şamaxı və Ucar rayonlarında keçiriləcəyi diqqətə çatdırılıb.

Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır.

Qeyd edilib ki, eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaratdığı diqqətə çatdırılıb.

Çıxış edənlər bildirib ki, dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətinin nəticəsi olaraq ölkəmizdə qadınların səlahiyyətləndirilməsi, onların cəmiyyətin hər sahəsində öz potensiallarını reallaşdırması və layiqli mövqe tutması üçün geniş imkanlar yaradılır. Bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihə və tədbirlərin xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Azərbaycan qadınının yüksək insani keyfiyyətlərindən, mənəvi dəyərlərin formalaşması, inkişafı, qorunması və nəsildən-nəslə ötürülməsində müstəsna rolundan danışılıb.

Görüş, “Lunchef Catering” MMC və “Hİ Events Azerbaijan” şirkətlərinin təsisçisi Nilufər Qara və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri, AFFA icraiyyə komitəsinin üzvü, 2019-cu il “Yüksəliş” müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadənin TEDx formatında çıxışları ilə davam edib.