
Mil-Muğan regionuna daxil olan İmişli, Saatlı və Sabirabad rayonlarında məktəblilərin iştirakı ilə “Şahin” hərbi-idman oyunları üzrə rayon mərhələsi keçirilib.
X və XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin İmişli rayon mərhələsi, İmişli şəhəri 2 saylı tam orta məktəbdə təşkil olunub. Yarış Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib. 11 məktəbi təmsil edən komandaların iştirakı ilə baş tutan yarışda məktəblilər sıra baxışı, 100 metr məsafəyə qaçış, şərti əl qumbarasının atışı, kəndirə dırmaşma, turnikdə çəkinmə və digər tapşırıqların öhdəsindən gəlməyə çalışıblar. Yarışın nəticəsi olaraq H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin komandası I yerə, A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin komandası ll yerə, Ş.Məmmədov adına şəhər 3 saylı tam orta məktəbi isə III yerə layiq görülüb. H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin komandası I yerə çıxmaqla Sabirabad rayonunda keçiriləcək zona birinciliyinə iştirak hüququ qazanıb.
Saatlı Olimpiya İdman Kompleksində isə “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Saatlı rayon mərhələsi keçirilib. Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon bölməsinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda şəhər və kənd tam orta məktəbləri üzrə X və XI sinif şagirdlərindən ibarət komandalar mübarizə aparıb. Komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması və digər mərhələlər üzrə yarışıblar. Ən yüksək nəticə göstərən V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbin komandası I yeri tutaraq yarışın qalibi olub. S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbin komandası II, H.Əliyev adına Cəfərxan kənd tam orta məktəbin komandası isə III yeri tutub. Yarışda yer tutan komandalar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər. I yeri tutan V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində Saatlı rayonunu təmsil etmək hüququ qazanıb.
Sabirabad Olimpiya İdman Kompleksində də X və XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Sabirabad rayon mərhələsi keçirilib. Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 30 məktəbi təmsil edən komandalar iştirak edib. H.Z.Tağıyev adına şəhər 6 saylı məktəbin komandası I yerə, M.Müşfiq adına şəhər 4 saylı tam orta məktəbin komandası ll yerə, Ə.Qurbanov adına Qalağayın kənd tam orta məktəbi isə III yerə layiq görülüb. H.Z.Tağıyev adına şəhər 6 saylı tam orta məktəbin komandası I yerə çıxmaqla Sabirabad rayonunda keçiriləcək zona birinciliyinə iştirak hüququ qazanıb.