YARAT Müasir İncəsənət Məkanı Saatlı Dövlət Rəsm Qalereyasında “İncə müşahidələr” adlı səyyar sərgi təşkil edib.
Sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə keçirilir. Sərgidə Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərləri nümayiş olunur. Ənənəvi olaraq, sərgi çərçivəsində YARAT heyəti və rəssamlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin müasir incəsənət sahəsinə dair mühazirələr və ustad dərslərində iştirak etmək mümkün olacaq. Səyyar sərgi çərçivəsində müxtəlif təlimlər keçiriləcək.
Sərginin açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, YARAT Müasir İncəsənət Məkanının baş kuratoru Fərəh Ələkbərli və sərginin kuratoru Zəhra Məmmədova, sərgidə əsərləri nümayiş olunan rəssamlar, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“YARAT” Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr departamentinin direktoru Hökumə Kərimova “İncə müşahidələr” səyyar qrup sərgisi barədə məlumat verib. Bildirilib ki, sərginin əsas ideyası rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Diqqətə çatdırılıb ki, sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri əks edir. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər.
Tədbirdə digər çıxış edənlər də səyyar sərginin əhəmiyyətindən, böyüyən gənc nəsildə müasir incəsənət biliklərinin formalaşmasında səmərəliliyindən danışıblar.
Sərgidə altı rəssamın əsərləri yer alır. Fotoqraf Dadaş Adnan əsərlərində sadəliyin poetikasını - insanların və onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır.
Oxşar üsul ilə "Bəs birdən" videoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir: o, meqapolis və kənd həyatından olan kadrları müqayisə edərək, mövcud və paralel reallığı araşdırır. Rəssam videolarda, bəs birdən onun ailəsi şəhərə üz tutmasaydı, həyatının necə fərqli ola biləcəyini düşünür.
Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində də yaxından müşahidə olunur: bir-birinə uyğun gəlməyən rənglər, yeri dəyişdirilmiş obyektlər və bayağılıq ən gözlənilməz şəkildə görünür.
Ramal Kazımın əsərlərində isə təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilir. Rəssam sadə görünən insan emosiyalarının və hisslərinin mürəkkəbliyini güclü hisslər oyatmaq üçün çox qabarıq formada göstərir.
Nadir Eminovun "Okey, burner" instalyasiyası postmodern cəmiyyətə və onun mübarizə mexanizmlərinə bir ironiyadır. Rəssam KİV-in insan qavrayışına necə təsir etdiyini və əksəriyyət üçün aldadıcı fikir yaratdığını müşahidə edir.
Sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri də əks edir. Rəssam Soltan Soltanlı öz əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.
Elə şeylər var ki, universal olaraq düşünmək üçün xoşagəlməz hesab olunur, məsələn, tanıdığımız və sevdiyimiz hər kəsin gec-tez bu dünyadan köçməyin həqiqəti. Bu həqiqətlər həmişə var, lakin insanlar adətən onları qovmağa çalışırlar. Habib Saherin "Qodonu gözləyərkən" instalyasiyası itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir.
Rəssam Rəşad Babayevin "Dərviş" əsəri isə məkan və zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir. Mistik sufi ənənələri ilə əlaqəli olan asketizm ilə dərviş gələcək nəsillərə müdriklik xəbəri verir.
Rəssam bugünkü regional mədəniyyətin formalaşmasında mədəni və dini köklərin gücünü işıqlandırır.
Ekspozisiyaya YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamlara məxsus müxtəlif medialarla yaradılmış əsərlər daxildir.