Nəhayət, 30 ildən sonra doğma vətənə, ata yurdumuza qayıdırıq. Bizə bu şəraiti yaradanlara, dövlət başçımıza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qanları bahasına o torpaqları aldılar, bizə bu sevinci yaşatdılar. Şəhidlərin ruhları qarşısında baş əyirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Zakir Mustafayev söyləyib.
Məcburi köçkün düşəndə 36 yaşı olduğunu vurğulayan Z.Mustafayev hazırda 69 yaşında doğma yurdlarına qayıtdığını qeyd edib: "Bundan sevincli, bundan şad gün ola bilməz. Bu, bizim üçün ən böyük sevincdir".
O, əvvəl Saatlıda məskunlaşdıqlarını, sonradan Bakıya gəldiklərini deyib: "Ötən illər ərzində heç vaxt ümidimizi itirməmişdik".