Saatlı Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən rayon ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə maarifləndirici və müzakirə xarakterli tədbir keçirilib.
Tədbirin əsas məqsədi məktəblərdə şagirdlərin hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə təhsil almalarının təmin edilməsi, həmçinin təlim-tərbiyə prosesində mövcud problemlərin müzakirəsi olub. Görüş zamanı, şagird davranış qaydaları, məktəbdaxili nizam-intizam, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi, erkən nikah və məktəbdən yayınma hallarının qarşısının alınması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Komissiya üzvləri tərəfindən bildirilib ki, uşaqların hüquqlarının müdafiəsi istiqamətində məktəb rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Qeyd olunub ki, hər bir təhsil müəssisəsində psixoloji xidmətin təşkili, risk qrupuna daxil olan şagirdlərlə fərdi işin aparılması və maarifləndirmə tədbirlərinin davamlılığı xüsusi əhəmiyyət daşıyır.
Məktəb direktorları çıxış edərək rəhbərlik etdikləri təhsil ocaqlarında görülən işlər barədə məlumat verib, qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıblar.
Sonda qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və uşaqların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə verilən təkliflər əsasında yeni yanaşma prinsipi ilə fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.