
Bakı şəhəri Xətai Sənət Mərkəzində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində ilk tədbir keçirilib. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi kiçik qrant müsabiqəsində qalib olub və Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin rəhbəri və aparıcısı Güllü Eldar Tomarlı çıxışında layihənin mahiyyəti, məqsədləri və həyata keçiriləcək fəaliyyətlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihə Azərbaycan xalqının zəngin geyim mədəniyyətinə aid kişi və qadın baş geyimlərinin – kəlağayı, örpək, papaq, araqçın və digər ənənəvi örtüklərin tədqiqi, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Solmaz Kosayeva çıxış edərək layihənin milli dəyərlərin qorunmasında və təbliğində mühüm rol oynadığını vurğulayıblar.
Tədbir çərçivəsində Azərbaycan kişilərinə və qadınlarına məxsus müxtəlif dövrlərə aid baş geyimlərinin təqdim olunub. Tədbirin bədii hissəsində quramaçı Aybəniz Camalovanın hazırladığı “Kəlağayı kompozisiyası” nümayiş edilib. Eyni zamanda, qədim toxuculuq sənətinə dair təqdimat keçirilib.
Layihə çərçivəsində bu qəbildən olan tədbirlərin növbəti mərhələdə Salyan, Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında da keçirilməsi planlaşdırılır.