Kənd təsərrüfatı

Mil-Muğanda kütləvi yayılan Varroatoz xəstəliyi arı ailələri üçün təhlükə yaradıb

Mil-Muğanda kütləvi yayılan Varroatoz xəstəliyi arı ailələri üçün təhlükə yaradıb

Arıçılığa ciddi zərər vuran Varroatoz gənəsi Mil-Muğan bölgəsinin təsərrüfatlarında kütləvi yayılıb. Arıların mövsümdənkənar yumurta qoyması bu gənələrin aktivləşməsinə şərait yaradıb. Bu hal arı sürfələrinin məhv olması, arı ailələrinin isə zəifləyərək kütləvi tələfatı ilə nəticələnib.

Oxşar vəziyyət Saatlı rayonunda da qeydə alınıb. Arıçıların sözlərinə görə, problem vaxtında aradan qaldırılmasa, bölgədə arı ailələrinin sayında kəskin azalma qaçılmaz olacaq.

Arıçı Kamil Yusifov bildirir ki, arı ailələrində hazırkı vəziyyət olduqca ağırdır: “Təsərrüfatımızdakı 110 arı ailəsindən 70-i artıq tələf olub, qalan 40-nın vəziyyəti isə pisdir. Hər ailədə cəmi 1-2 çərçivə üzərində arı qalıb. Onların qışdan sağ çıxıb-çıxmayacağı hələ də qeyri-müəyyəndir. Əgər bu ailələr qışı salamat başa vura bilsələr, gələcəkdə təsərrüfatı bərpa etmək mümkün olar. Baxış zamanı çərçivələrdə kifayət qədər yem ehtiyatı və çiçək tozunun olduğunu görürük. Lakin noyabr–dekabr aylarında havaların normadan isti keçməsi arıların yenidən yumurta qoymasına səbəb olub. Bu proseslə paralel olaraq Varroatoz gənələri də aktivləşərək sürfə qoyub. Gənələr arı balalarından daha sürətlə böyüyür və sürfələri məhv edir”.

O qeyd edib ki, vəziyyətin qarşısını almaq üçün arı ailələrinin izolyasiya olunması, eyni zamanda, Varroatoz xəstəliyinə qarşı ciddi və vaxtında mübarizə tədbirlərinin görülməsi vacibdir. Yalnız bu halda arıların qış mövsümündən sağlam çıxmasına şərait yaratmaq mümkündür.

Digər arıçı Etiram Məmmədovun sözlərinə görə, hazırda arıların yenidən yumurta qoymağa başlaması ilə paralel, tələf olma halları da davam edir: “Bu proses, demək olar ki, avqust ayından bəri müşahidə olunur və əsas səbəb Varroatoz gənəsidir. Tələfat göstəriciləri arı ailələrinin saxlanma yerinə görə fərqlənir. Təsərrüfatımıza məxsus arı ailələrinin bir hissəsi çöl sahədə, təsərrüfatdan təxminən 50 kilometr uzaqlıqda yerləşir. Həmin ərazidə arıların təxminən 30 faizi tələf olub. Hətta eyni bölgədə fəaliyyət göstərən bəzi təsərrüfatlarda arıların tamamilə məhv olması halları var. Həyətyanı sahədə saxlanılan ailələrdə isə tələfat təxminən 5 faiz təşkil edir. Varroatoz gənələri əsasən arılar yumurta qoymağa başladığı dövrdə sürətlə çoxalır və arı balalarını sürfə mərhələsində məhv edir. Bu da nəticə etibarilə arı populyasiyasının kəskin azalmasına səbəb olur”.

Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayon üzrə 1233 arı ailəsi mövcuddur, orta hesabla mövsüm vaxtı hər ailədən 15-20 kiloqram bal istehsal olunur. “Hazırda təsərrüfatlarda arı xəstəliklərinin yayılması müşahidə olunur və bu xəstəliklərin yayılmasının əsas səbəblərindən biri Varroatoz gənələridir. Bununla bağlı geniş mübarizə tədbirlərinə başlanılıb”, - deyə qeyd edilib.