Azərbaycanda pambıq yığımı mövsümünə hazırlıq gedir. Sahələrdə defolyasiya tədbirlərinə başlanıb, rayonlar üzrə pambıqyığan kombayn, qoşqu və traktorların bölgüsü həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, kənd təsərrüfatı naziri İnam Kərimov məhsul yığımı ərəfəsində Saatlı və Sabirabad rayonlarında pambıqçı fermerlərlə görüşüb. Açıq səma altında keçirilən görüşlərdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirilir, bu sahəyə marağın artması fermerlərin gəlirlərinin çoxalmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və fermerlərə ən çox gəlir gətirən sahəsinə çevrilib.
Bu il Saatlıda 14295 hektar, Sabirabadda 9260 hektar sahədə pambıq əkilib. Ölkə üzrə pambıq əkini sahələrinin 25 faizə yaxını bu iki rayonun payına düşür. Ötən il texnoloji xəritəyə uyğun qulluq tədbirlərinin aparılması, yeni əkin üsullarından istifadə sayəsində bu il də hər iki rayonda pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir.
Görüşlərdə sahələrə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərindən istifadə imkanları, xəstəlik və zərərvericilərə qarşı mübarizədə tətbiq olunan dərmanların keyfiyyəti, bitki mühafizə tədbirləri, yığım ərəfəsində texnika bölgüsü, tədarük məntəqələrinin məhsul qəbuluna hazırlığı və digər mövzularda fikir mübadiləsi aparılıb. Fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Nazirliyin nümayəndə heyəti hər iki rayonda təkrar qarğıdalı əkini sahələrinə, heyvandarlıq müəssisələrinə, intensiv bağlara baxış keçirib, fermerlərlə söhbətlər aparıblar.