Cəmiyyət

Nazir Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Nazir Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 26-da Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Beyləqan, Bərdə, Göygöl, Xaçmaz, Xızı, İmişli, Quba, Lerik, Masallı, Neftçala, Saatlı, Siyəzən, Yardımlı və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbuldan öncə nazir Siyəzən DAİM-in inzibati binasında yaradılan şəraitlə tanış olub.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı aqrar sektorun inkişafı ilə bağlı imzalanan sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nazir Məcnun Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.

Siyəzən DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəzlənib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək.

Nazir Məcnun Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Qəbuldan sonra nazir Məcnun Məmmədov Siyəzən DAİM-in kollektivi ilə görüşüb.