Saatlı rayonunda 2022-ci ildə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri ilkin hesablamalarla 205 milyon 773,8 min manat təşkil edib. Bu, əvvəlki ilə nisbətən 28 milyon 692,9 min manat və ya 16,2 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfat məhsullarının 124 milyon 36,6 min manatı və ya 60,3 faizi bitkiçilik məhsullarının payına düşüb.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2022-ci ilin məhsulu üçün 53635,5 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilib.
Bildirilib ki, 18551,5 hektar sahədə taxıl biçilib, 75485,3 ton məhsul toplanıb. Bu da hər hektardan 40,7 sentner məhsul deməkdir.
2022-ci ildə əkilmiş 12570 hektar pambıq sahəsindən 40085 ton xam pambıq tədarük edilib. Ötən illə müqayisədə 1703,9 ton və ya hər hektardan 5,1 sentner çox məhsul toplanıb. Respublikada istehsal olunan xam pambığın 12,4 faizi Saatlı rayonunun payına düşüb.