Dövlət başçısı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Saatlı “Aqroservis” filialının açılışında iştirak edib. Kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məlumat verib ki, ümumi sahəsi 1 hektar olan “Aqrolizinq” ASC-nin yeni yaradılan Saatlı “Aqroservis” filialının tikintisinə 2010-cu ildə başlanıb. Filialın ərazisində inzibati bina, təmir emalatxanası, texnikaların saxlanılması üçün talvar və açıq meydança yaradılıb. Bundan əlavə, filialda gübrə və pestisidlər anbarı da var. Ümumi tutumu 2 min ton olan anbarda Almaniyadan gətirilmiş pestisidlər, Rusiya, Ukrayna və Qazaxıstan istehsalı olan mineral gübrələr fermerlərə veriləcək. Filialda 30 nəfər daimi işlə təmin edilib.
Filialda Finlandiya, Rusiya, Türkiyə və Polşada istehsal edilən kənd təsərrüfatı texnikaları ilə yanaşı, Gəncə avtomobil zavodunda buraxılan traktorlar da var. “Aqrolizinq” ASC ilə Gəncə Avtomobil Zavodu arasında bağlanmış müqaviləyə əsasən, hər il cəmiyyət zavoddan 500 traktor alır. Bundan əlavə, Gəncə Avtomobil Zavodunda bu traktorlar üçün kotanlar da istehsal edilir. İndiyədək, “Aqrolizinq” ASC zavoddan 1890 traktor alıb. Saatlı filialında isə hazırda ümumilikdə 290 texnika var. Onlardan 88-i traktor, 27-si kombayn, yerdə qalanları isə asılan və qoşulan texnikalardır.
Prezident İlham Əliyev cəmiyyətin rayonlararası təchizat, regional logistik bazalarının və aqroservis filiallarının əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialı ilə tanış olan dövləti başçısı kollektivə uğurlar arzulayıb.