Prezident İlham Əliyev sentyabrın 26-da Saatlı rayonunda Biyan məhsulları istehsalı zavodunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı əsas istehsal sexində düyməni basaraq, müəssisəni işə saldı. Rayonun Gomuşçu kəndi ərazisində yerləşən zavodun smeta dəyəri 6,5 milyon manatdır. İndiyədək 5 milyon manat sərmayə qoyulmaqla 6 sex, dəyirman, qurutma məntəqələri, anbarlar, ofis binası, mehmanxana və sair tikilmişdir. Zavodun istehsal gücü ildə 200 min ton yaş biyanı emal etməyə imkan verəcəkdir. Burada biyan tableti, biyan turşusu və biyan balı (ekstratı) istehsal olunacaqdır. Hazırda 450 nəfərə yaxın işçi çalışır, gələcəkdə tam gücü ilə işlədikdə isə bu rəqəm 1500-ə çatacaqdır. Zavodda Almaniya, İtaliya, İran və Çin istehsalı olan avadanlıq quraşdırılmışdır.
Dövlətimizin başçısı ayrı-ayrı istehsal sahələrini gəzdi, istehsal prosesini izlədi, biyan turşusu sexində düyməni basaraq onu işə saldı. Prezidentə məlumat verildi ki, dünyada Amerika və Çindən sonra belə zavod Azərbaycanda tikilmişdir. Biyan məhsullarına dünya bazarında tələbat böyükdür və zavod gəlirlə işləyəcəkdir. Digər rayonlarda xammal qəbulu məntəqələri yaradılacaq və zavod onlardan biyan qəbul edəcəkdir.
Prezident İlham Əliyev belə əhəmiyyətli zavodun fəaliyyətinə uğurlar arzuladı və onun məhsullarının Azərbaycan markası altında xarici bazara çıxarılmasını yüksək qiymətləndirdi və bu müəssisəni özəl sektorun inkişafına göstərilən qayğının nümunəsi kimi dəyərləndirdi.
Bununla da dövlətimizin başçısının Saatlı rayonuna səfəri başa çatdı.