Prezident İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində Saatlı rayonuna gəlmişdir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki parkda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur.
Dövlət başçısına məlumat verildi ki, rayonda abadlıq və yaşıllaşdırma sahəsində diqqət çəkən işlərdən biri Heydər Əliyev adına park və meydandır. Ümumi ərazisi 5,6 hektar olan park və meydan rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindəndir. Burada geniş abadlıq və yaşıllaşdırma işləri görülmüş, fəvvarə quraşdırılmışdır. Meydanın 5 min kvadratmetrdən artıq hissəsinə milli ornamentli bəzək plitələri döşənmiş, həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Burada, həmçinin Heydər Əliyev muzeyi fəaliyyət göstərir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.