Məqalələr

Qalib xalqın qəhrəman hərbiçiləri

Qalib xalqın qəhrəman hərbiçiləri

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi.

Qalib xalqın hər bir hərbçisi qəhrəmandır. Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Dövlətimiz qələbənin əbədiləşdirilməsi və Qalib Ordunun hərbçilərinin qəhrəmanlıqlarını yüksək dəyərləndirdi. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, eyni zamanda, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. 

Bildiyimiz kimi  "Dəmir yumruq" birliyimizin rəmzidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Qazanılan bu tarixi qələbə bizə yeni imkanlar yaradır. Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim oldu. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir.

Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.

Zəfərimiz əbədidir!

Hüseynova Aynur,
Saatlı rayon S.Vurğun adına 1 nömrəli tam orta məktəbin müəllimi.