Ümumi

Rayonda aparılan tikinti və təmir-bərpa işləri sakinlərin rahatlığına xidmət edir

Rayonda aparılan tikinti və təmir-bərpa işləri sakinlərin rahatlığına xidmət edir

Saatlı Rayon İcra Hakimiyyəti şəhərin bəzi küçə və prospektlərində yenidənqurma işlərini həyata keçirir. Belə ünvanlardan biri də Heydər Əliyev prospektidir. Belə ki, “Muğan” parkının qarşısından başlayaraq prospekt boyunca deformasiyaya uğramış səki daşlarının yenilənməsi, bordurların qurulması işləri görülür. Bu işlər H.Zərdabi küçəsində də həyata keçirilir. Burada mövcud səkilərə tametlərin döşənməsi ilə yanaşı, yeni səkilər də salınır, həmçinin çırkab suların axıdıldığı xətt təmir edilərək üzəri beton plitələrlə örtülür. Heydər Əliyev prospekti və H.Zərdabi küçəsi idarə, müəssisə və təşkilatların, məktəb və uşaq bağçalarının daha çox yerləşdiyi ərazi olduğu üçün burada insanların gediş-gəlişinin sıxlığı da müşahidə olunur. Bu ərazilərdə tikinti və təmir-bərpa işlərinin aparılması, təbii ki, həmin sakinlərin, o cümlədən uşaqların, məktəblilərin rahat və təhlükəsiz hərəkətlərinin təmin edilməsinə xidmət edir.

Abadlıq-quruculuq işlərinin aparıldığı digər ərazi isə “beşmərtəbə” yaşayış massivi və onun ətrafıdır. Yaşayış massivində bəzi binaların dam örtükləri yenilənərək daha keyfiyyətliləri ilə əvəzlənib ki, bu da yağış yağarkən mənzillərə su damması probleminə birdəfəlik son qoyub. Eyni zamanda binaların kanalizasiya xətləri təmir edilərək, çirkab suların normal axıdılması təmin olunub. Bütün bunlarla yanaşı, həmin ərazidəki “İstirahət” parkında da yenidənqurma işləri aparılır, qurumuş ağaclar yenisi ilə əvəzlənir, oturacaqlar və zədələnmiş hasarlar təmir edilərək rənglənir, qopub tökülmüş hissələrə yenidən plitələr vurulur. Həmçinin parkın işıqlanma sistemi yenidən qurulur, səliqə-sahman işləri aparılır və mövcud yaşıllıqlara qulluq göstərilir.

Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin gözəlliyinin qorunub saxlanılması və sakinlərin rahatlığının təmin edilməsi məqsədi daşıyan tikinti-quruculuq və təmir-bərpa işləri mütəmadi olaraq davam etdiriləcəkdir.