Ölkədə pambıqçılıq üzrə əsas istehsal potensialı Aran bölgəsində cəmləşib.
Bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.
Nazirin sözlərinə görə, pambıq üzrə ən çox əkin sahələrinə malik rayonlar Saatlı, Ağcabədi və Sabirabaddır. 2025-ci ildə ölkədəki ümumi pambıq əkinlərinin 35,3 faizi bu üç rayonun payına düşüb. Pambıq istehsalında isə Saatlı, Ağcabədi və Beyləqan rayonları lider mövqedə qərarlaşıb.